Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Fransada dərinləşən maliyyə və siyasi böhranı 10 illik dövlət istiqrazlarının gəlirliyini 5 faizdən yuxarı qaldıraraq 24 ilin ən yüksək səviyyəsinə çatıb.
Ölkənin kövrək dövlət maliyyəsi ilə bağlı narahatlıqlar istiqraz bazarlarında satışın artmasına səbəb olub. Mərkəzi bankların enerji qiymətlərinin artmasına faiz dərəcələrinin artırılması ilə cavab verməsi, ümumiyyətlə, bu il qlobal istiqraz gəlirlərinin daha yüksək olmasına səbəb olub. Lakin inkişaf etmiş ölkələrin artan borc yükü ilə mübarizə apardığı bu dövrdə Fransanın borclanma xərcləri ölkədə dərinləşən maliyyə və siyasi böhran səbəbindən rəqiblərindən daha sürətli artıb.
Fransanın 10 illik istiqraz gəlirliyi gün ərzində 8 baza bəndi artımla 5.002 faiz səviyyəsini sınaqdan keçirib. Bu addım Fransanın 10 illik istiqraz gəlirliliyi ilə Avrozona üçün etalon hesab edilən 10 illik Almaniya istiqraz gəlirliliyi arasındakı fərqi 157 baza nöqtəsinə (təxminən 1,6 faiz nöqtəsinə) qədər artırıb.
Bazarlardakı bu kəskin qiymət hərəkətinin arxasında hökumətin yüksək büdcə kəsirini azaltmaq üçün Parlamentdən islahatların keçirilməsindəki çətinliyi dayanır. Fransada yüksək yaşayış xərclərinə və təhsil sisteminə qarşı dinc nümayişlər zamanı talan və zorakılıq bazar qeyri-müəyyənliyini artırıb.
Bundan əlavə, gələn ilin aprel ayında keçiriləcək prezident seçkiləri öncəsi artan siyasi qeyri-müəyyənlik də kövrəkliyi artırır. İfrat sağçı lider Marin Le Pen və sərt solçu müxalifət lideri Jan-Lük Melanşonun digər namizədlərə nisbətən üstünlüklərini artırdığını göstərən sorğular analitiklər tərəfindən büdcə kəsirini azaltmaq səyləri üçün ən mənfi ssenari hesab olunur.
Fevral ayının sonunda 3,2 faiz olan Fransanın borclanma xərcləri, Yaxın Şərqdəki müharibə inflyasiyanı artırdığı və yüksək borc yükü olan iqtisadiyyatlara təzyiq göstərdiyi üçün artıb. G7 ölkələri arasında istiqraz bazarlarında ən çox Fransa zərər çəkib.
Analitiklər seçkilərdən əvvəl hər hansı maliyyə intizamı siyasətinin tətbiqinə siyasi meyllərin zəif olduğunu və bazarlarda mövcud risklərin arta biləcəyini qeyd edirlər.
Davam edən sosial iğtişaşların ehtimalının onsuz da sərt maliyyə şərtləri, siyasi qeyri-müəyyənlik və məhdudlaşdırıcı maliyyə siyasəti altında olan Fransa iqtisadiyyatına əlavə təzyiq olacağı proqnozlaşdırılır.
M.MİRZƏ
XQ