Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müəllif:Mehin Qasımova,Banco.az
Fransa hökuməti Yaxın Şərqdəki gərginlik və enerji təchizatında yaranan fasilələr fonunda yanacağın bahalaşmasının qarşısını almaq üçün yeni tədbirlər görür. Noyabrın 1-dən etibarən ölkədə dizel yanacağının qiymətinin litr üçün 18 sentədək azaldılması nəzərdə tutulur.
Banco.az xəbər verir ki,Fransanın Baş naziri Sebastyan Lekornu sosial şəbəkə hesabında bildirib ki, noyabrın 1-dən dizel yanacağının qiyməti ölkədəki bütün yanacaqdoldurma məntəqələrində litr üçün 18 sentədək aşağı düşəcək. Onun sözlərinə görə, bu, bir yanacaq çəninin doldurulması zamanı təxminən 10 avro qənaət etməyə imkan verəcək.
Lekornu qiymət endiriminin hökumətin strateji ehtiyatlarından 10 milyon barel dizel yanacağının bazara çıxarılması qərarı ilə əlaqəli olduğunu qeyd edib. Endirim tikinti və nəqliyyat sektorunda çalışanlara, eləcə də fermerlərə satılan yanacağa da şamil olunacaq.
Fransanın “TotalEnergies” şirkəti də noyabrın 1-dən etibarən ölkə üzrə təxminən 3 300 yanacaqdoldurma məntəqəsində dizelin qiymətini litr üçün 10 sent azaldacağını açıqlayıb.
Hökumət strateji ehtiyatlardan 10 milyon barel dizel yanacağının istifadəyə verilməsi qərarını artan enerji xərclərini azaltmaq və təchizat çatışmazlığının təsirlərini yumşaltmaq məqsədilə qəbul edib.
Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazında yaranan tıxaclar yanacaq təchizatına təsir göstərərək Fransada qiymətlərin yüksəlməsinə səbəb olub. Hökumət daha əvvəl artan yanacaq xərclərini azaltmaq üçün müxtəlif dəstək tədbirləri həyata keçirsə də, bu addımlar yetərli hesab edilməyib.