Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Paris, 2 noyabr, AZƏRTAC
Fransada bu həftə sosial etirazların daha da genişlənəcəyi gözlənilir. Həmkarlar ittifaqlarının çağırışı ilə noyabrın 5-də ölkə üzrə böyük tətil və nümayişlər keçiriləcək. Həftənin əvvəlində lisey və universitetlərdə blokadaların bərpası, cümə və şənbə günləri isə “Sarı jiletlilər” hərəkatının yeni aksiyaları nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, Fransada artıq üç həftəsonu ardıcıl keçirilən nümayişlərdən sonra sosial narazılıqlar müxtəlif təbəqələri birləşdirir.
Tətil fasiləsindən sonra tələbə və şagird etirazlarının yenidən güclənəcəyi gözlənilir. Təhsil Nazirliyinin məlumatına görə, Fransada 41 lideydə blokada tətbiq olunub. Tələbə təşkilatları isə çərşənbə axşamı və cümə axşamı da aksiyaların davam etdirilməsinə çağırış ediblər.
UNEF tələbə birliyi də noyabrın 2-də universitetlərdə təşkilatlanmağa, noyabrın 3-də isə ölkə üzrə genişmiqyaslı etirazlara çağırıb. Parisdə tələbələrin Panthéon meydanından Medef-in qərargahına qədər yürüş keçirməsi də planlaşdırılır.
Hökumət etirazları dayandırmaq məqsədilə bir sıra güzəştlər vəd edib. Bunlara 2028-ci ilədək “Parcoursup” sisteminin mərhələli şəkildə dəyişdirilməsi, təhsil sahəsində nəzərdə tutulan iş yerlərinin ixtisarının ləğvi, əlavə 500 müəllim vəzifəsinin yaradılması, siniflərdə şagird sayının məhdudlaşdırılması və ali təhsildə 15 min əlavə yerin açılması daxildir. Lakin bu rəqəm tələbə təşkilatlarının tələb etdiyi 250 min yerdən xeyli azdır.
Blokadaların davam etməsi təhsil prosesinə də təsir göstərir. Bəzi məktəb rəhbərləri dərslərin normal qaydada bərpasını istəyir. Etirazları davam etdirmək istəyənlərlə dərsə qayıtmaq arzusunda olan şagirdlər arasında qarşıdurma ehtimalı səbəbindən polis məktəblərin ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib.
Noyabrın 5-də ümummilli tətil və nümayişlər gözlənilir
Həftənin əsas hadisəsi noyabrın 5-də keçiriləcək ümummilli tətil olacaq. İlk dəfə olaraq həm dövlət, həm də özəl sektorun işçiləri eyni çağırış ətrafında birləşirlər.
Həmkarlar ittifaqları maaşların artırılmasını, dövlət xidmətlərinin qorunmasını, iş yerlərinin saxlanılmasını və sərvətin daha ədalətli bölüşdürülməsini tələb edirlər. Bu çağırışa CFDT, CGT, FO, Unsa və FSU daxil olmaqla bütün əsas həmkarlar ittifaqları qoşulub.
CGT-nin nümayəndəsi Tomas Vaşeronun sözlərinə görə, son ay yarım ərzində müxtəlif nümayişlərdə ümumilikdə üç milyon insan iştirak edib. İndi məqsəd bu etiraz dalğasını müəssisələrə və iş yerlərinə daşımaq, tətil və işin dayandırılması vasitəsilə təzyiqi artırmaqdır.
Gənclər təşkilatları da noyabrın 5-də keçiriləcək aksiyalara qatılacaqlarını bildiriblər. Lisey şagirdləri və tələbələr əməkçilərlə həmrəylik nümayiş etdirmək niyyətindədirlər. “Sarı jiletlilər” hərəkatı da bu çağırışa qoşulmağa hazırlaşır. Hərəkatın nümayəndəsi Benjamin Ball noyabrın 6 və 7-də yeni səfərbərlik elan edib. Sosial şəbəkələrdə yayılan “six-seven” ifadəsi ilə əlaqələndirilən bu çağırışdan sonra noyabrın 7-də Fransanın müxtəlif şəhərlərində “4-cü akt” çərçivəsində nümayişlərin keçirilməsi planlaşdırılır.
Beləliklə, Fransada bu həftə tələbələrin təhsil müəssisələrindəki blokadalarından başlayaraq işçilərin ümummilli tətilinə və “Sarı jiletlilər”in yeni nümayişlərinə qədər genişmiqyaslı sosial səfərbərlik gözlənilir.