Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Fransada Həmkarlar ittifaqının bayraqlarını dalğalandıran onlarla etirazçı Daxili İşlər Nazirliyinin və Yelisey sarayının yerləşdiyi Bovo meydanına toplaşıb. Aksiya iştirakçıları Fransa prezidentinin iqamətgahının əsas girişinə gedən yolu çadırlar quraraq bağlayıblar.
Redaktor.az-ın məlumatına görə, etirazçılar TASS-a müsahibələrində Yelisey sarayını tam olaraq mühasirəyə almadıqlarını, lakin bununla öz qətiyyətlərini və tələblərindən geri çəkilmək niyyətində olmadıqlarını nümayiş etdirmək istədiklərini bildiriblər.
"Parisin kənarında keçirilən nümayişlər heç kimin diqqətini çəkmir, biz isə səsimizin eşidilməsini istəyirik!" - deyə aksiyaçılardan biri vurğulayıb.
Noyabrın 17-də BFMTV telekanalı xəbər verib ki, iğtişaşların yatırılması üzrə ixtisaslaşan Fransa polisinin CRS-8 bölməsi ölkə boyunca həmkarlar ittifaqlarının sosial tələblərlə yürüşlərinin keçirildiyi gün tam heyətdə xəstəlik vərəqəsi götürüb. Həmin bölmənin əməkdaşlarından biri anonimlik şərti ilə telekanala bildirib ki, onların da arasında ümumi narazılıq hissi hökm sürür.
"Un1te" polis həmkarlar ittifaqı da etiraz aksiyalarında aylarla davam edən müntəzəm xidmətdən sonra hüquq-mühafizə orqanları əməkdaşlarının sıralarında kütləvi yorğunluq və qəzəb dalğasının olduğunu bəyan edib. Təşkilat yüzlərlə polis əməkdaşının tükəndiyini vurğulayıb. Çərşənbə axşamı səhər saatlarında onlarla bölüyə bölünmüş bir neçə yüz CRS əməkdaşının həkimə müraciət etmək məcburiyyətində qaldığı təsdiqlənib. Xüsusilə dövlət sektorunda maaşların artırılmasını və işçi ixtisarının dayandırılmasını tələb edən həmkarlar ittifaqı təşkilatlarının çağırışı ilə bütün Fransa boyu kütləvi nümayişlər təşkil olunur.
Sentyabrın sonundan etibarən bərbad şəraitə, ağır dərs cədvəlinə və bəzi fənlər üzrə müəllim çatışmazlığına etiraz olaraq təhsil müəssisələrini bloklamağa başlayan tələbə və şagird dərnəkləri də bu aksiyalara qoşulublar. Fransa DİN-in məlumatına görə, noyabrın 17-də bütün ölkə ərazisində 146 min, o cümlədən Parisdə 28 min nəfər küçələrə axışıb.