Fransada genişmiqyaslı tətil və etiraz aksiyaları gözlənilir

17.11.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Paris, 17 noyabr, AZƏRTAC

Fransada noyabrın 17-də genişmiqyaslı sosial etiraz aksiyaları keçiriləcək. Bir sıra həmkarlar ittifaqları inflyasiya fonunda əməkhaqlarının artırılmasını tələb edərək dövlət qulluqçularını, təhsil və səhiyyə işçilərini, eləcə də nəqliyyat sektoru əməkdaşlarını tətilə çağırıblar. Ölkə üzrə onlarla etiraz aksiyasının keçirilməsi planlaşdırılır. Aksiyalara məktəblilərin, tələbələrin və “Sarı jiletlilər” hərəkatının nümayəndələrinin də qoşulacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, CGT, UNSA, FSU, Solidaires, CFE-CGC və FAFP həmkarlar ittifaqlarının irəli sürdüyü tətil çağırışına “Force ouvrière” və Fransa Demokratik Əmək Konfederasiyasının (CFDT) dövlət qulluğu üzrə bölməsi də qoşulub.

Həmkarlar ittifaqları 2023-cü ildən bəri dəyişməyən dövlət qulluqçularının əməkhaqqı indeksinin dərhal və əhəmiyyətli dərəcədə artırılmasını tələb edirlər. Hökumətin dekabrın 1-dən minimum əməkhaqqını 1,6 faiz artırmaq və dövlət sektorunda ən aşağı maaşları yenidən nəzərdən keçirmək qərarını isə CGT-nin baş katibi Sofi Bine “qəpik-quruş” adlandırıb.

Nəqliyyat sektorunda da ciddi fasilələrin yaşanacağı gözlənilir. SNCF-in məlumatına görə, TGV INOUI sürətli qatarlarının hərəkəti normal rejimdə davam edəcək. Bununla belə, Transilien, RER və TER regional qatarlarının hərəkətində müxtəlif dərəcədə gecikmələr və reyslərin ləğvi mümkündür. Xüsusilə bir sıra regionlarda, eləcə də Parisdə RER D və Transilien J və R xətlərində hərəkətin pozulacağı bildirilir. Ondan çox metro xəttinin bəzi stansiyalarının bağlanacağı gözlənilir.

Təhsil sektorunda “Snes-FSU” və “SUD Education” həmkarlar ittifaqları ibtidai və orta məktəb müəllimlərini tətilə çağırıblar. UNEF, “Union étudiante” və “Union syndicale lycéenne” kimi tələbə və şagird təşkilatları da aksiyalarda iştirak edəcəklərini bəyan ediblər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, noyabrın 14-də keçirilən nümayişlərdə 106 min nəfər iştirak edib. Gənclər təşkilatlarının hesablamalarına görə isə iştirakçıların sayı 200 minə yaxın olub. Noyabrın 5-də keçirilən aksiyalarda isə nazirliyin məlumatına əsasən, 575 min, CGT-nin hesablamalarına görə, təxminən 1,6 milyon insan iştirak edib.

“Sarı jiletlilər” hərəkatının koordinatorlarından Benjamin Ball noyabrın 17-də həmkarlar ittifaqlarının təşkil etdiyi aksiyalara qoşulacaqlarını bildirib. O, həmin günün hərəkatın səkkizinci ildönümünə təsadüf etdiyini xatırladaraq, iştirakçıların tələblərinin hələ də yerinə yetirilmədiyini vurğulayıb və noyabrın 21-də yeni etiraz aksiyasına çağırış edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью