Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Paris, 17 sentyabr, AZƏRTAC
Fransada prezidentliyə namizəd, “Milli Birlik” Partiyasının lideri Marin Lö Pen dövlət başçısı seçiləcəyi təqdirdə, hicabın mərhələli şəkildə qadağan olunmasını təklif edib.
AZƏRTAC xəbər verir ki, o, bunu LCI telekanalına açıqlamasında deyib.
Marin Lö Pen bildirib ki, fransızlar ona belə bir mandat versələr, məqsəd hicabın qadağan edilməsi olacaq. O, ilk mərhələdə təhsil, idman və dövlət müəssisələrində bu qadağanın tətbiqinə dair fərman verməyi nəzərdə tutduğunu diqqətə çatdırıb.
“Bu məsələ islamçı ideologiyalarla mübarizə məqsədi daşıyan referendum paketinə daxil ediləcək”, - deyə “Milli Birlik” Partiyasının lideri vurğulayıb.
Marin Lö Pen qeyd edib ki, referendum o, prezident seçildikdən dərhal sonra keçirilməyəcək. Əvvəlcə onun immiqrasiya proqramının həyata keçirilməsinə imkan verəcək konstitusiya referendumunun təşkili nəzərdə tutulur.
Qeyd edək ki, bu ilkin islahatın Konstitusiya Şurası tərəfindən əngəllənə biləcəyi bildirilir. Mövcud hüquqi çərçivəyə əsasən, Konstitusiyaya referendum yolu ilə birbaşa dəyişiklik edilməsi məsələsi mübahisəlidir, prosedurun əvvəlcə Milli Assambleya və Senatdan keçməsi tələb olunur.