Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Büdcə məsələsi hökumətin əsas problemi olaraq qalmaqdadır
Son günlər Fransada siyasi gərginlik daha da artıb. Ölkədə baş verənlər nə müvəqqəti hökumət böhranı, nə də növbəti parlament qarşıdurması kimi izah oluna bilər. Dövlət institutlarının bir-birinə etimadının itməsi və real qərarvermənin dar bir mərkəzdə cəmləşməsi ilə xarakterizə olunan institusional böhran kulminasiya həddinə çatıb. Bu isə özünü həyati əhəmiyyət kəsb edən proseslərin təxirə salınmasında açıq şəkildə göstərir. Kulminasiyanın aydın təzahürünü Fransa Milli Assambleyasında keçirilən son səsvermədə görmək mümkündür.
2 gün öncə parlamentin aşağı palatasının deputatları baş nazir Sebastyen Lekornunun rəhbərlik etdiyi hökumətə qarşı təqdim edilən etimadsızlıq haqqında qətnaməni növbəti dəfə rədd ediblər. Hadisə zahirən texniki prosedur təsiri bağışlasa da, mahiyyət etibarilə Fransa siyasi sisteminin üzləşdiyi dərin böhranı üzə çıxarır. Əslində səsvermə hökumətin gücünü yox, parlamentin acizliyini nümayiş etdirir. Parlamentin rəsmi saytında yayımlanan iclasın səsvermə nəticələrinə görə, qətnaməni 267 deputat dəstəkləyib. Onun qəbul olunması üçün isə 577 deputatdan azı 289-unun səsi tələb olunurdu. Prosesi daha dərindən analiz etdikdə, parlament iradəsinin sistemli şəkildə neytrallaşdırılması reallığı özünü təsdiqləyir. Çünki hadisə artıq üçüncü dəfə eyni ssenari üzrə təkrarlanır. Məhz bu təkrarlanma onu sübut edir ki, Fransa hazırda dərin struktur böhranı yaşayır. Hökumət parlamentlə toqquşur, müxalifət etiraz edir, etimadsızlıq mexanizmi işə salınır, amma nəticədə heç nə dəyişmir. Çünki qərar artıq verilib, səsvermə isə sadəcə, gecikmiş formal prosedura çevrilib.
Yeri gəlmişkən, qətnamənin irəli sürülməsinə səbəb Sebastyen Lekornunun 2026-cı il dövlət büdcəsi haqqında qanunun üçüncü və son hissəsini parlamentdə səsvermə olmadan, Konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndinə əsasən qəbul etməsi idi. Hüquqi baxımdan bu addım konstitusion çərçivəyə sığır. Siyasi baxımdan isə parlamentin açıq şəkildə prosesdən kənarda saxlanması, demokratik müzakirənin faktiki olaraq ləğvi deməkdir. Halbuki, 49.3 maddəsi fövqəladə vəziyyətlər üçün nəzərdə tutulmuş mexanizmdir. Makron dövründə isə bu mexanizm siyasi alətə çevrilib. Əgər hökumət hər dəfə sosial və iqtisadi baxımdan ağır qərar qarşısında parlamenti kənara qoyursa, artıq effektiv idarəetmədən söz gedə bilməz. Büdcə kimi dövlətin ideoloji və sosial kursunu müəyyən edən sənədin səsverməsiz qəbul edilməsi parlamentin öz funksiyasını itirdiyini açıq şəkildə göstərir.
Əvvəldə də qeyd etdik ki, büdcə məsələsi böhranın sosial ölçüsünü daha da kəskinləşdirir. Bu səbəbdən, müdafiə sahəsi istisna olmaqla, demək olar ki, bütün istiqamətlər üzrə xərclərin azaldılması planlaşdırılır. Belə olan halda səhiyyə, təhsil, regional inkişaf və mədəniyyət sahələri ixtisarlarla üz-üzə qalır. Eyni zamanda, müdafiə xərclərinin 6,7 milyard avro artırılması nəzərdə tutulur. Bu balans Makron administrasiyasının prioritetlərini açıq şəkildə üzə çıxarır və sosial dövlət modelinin mərhələli şəkildə zəiflədildiyini göstərir.
Ən problemli məqam ondan ibarətdir ki, büdcə parlamentdə real siyasi razılaşma əsasında qəbul edilməyib. Sadəcə, faktiki olaraq parlament üzərindən “keçirilib”. Bu isə Fransa hökumətinin siyasi eyibi kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, büdcə dövlətlə vətəndaş arasında bağlanan sosial müqavilədir. Bu müqavilə müzakirəsiz qəbul edilərsə, onun legitimliyi şübhə altına düşər. Etimadsızlıq qətnaməsini təqdim edən “İtaətsiz Fransa” Partiyasının parlament fraksiyasının lideri Matilda Panonun açıqlaması məhz sözügedən narahatlığı ifadə edir. Onun sözlərinə görə, təşəbbüs fransızları misilsiz dərəcədə sərt büdcə qanunundan qorumaq məqsədi daşıyırdı. Panonun mövqeyi cəmiyyətdə yığılan sosial narazılığın siyasi formaya salınmış ifadəsi kimi xarakterizə edilə bilər.
Şübhəsiz, bütün proseslərin mərkəzində Emmanuel Makronun formalaşdırdığı prezident mərkəzli idarəetmə modeli dayanır. Həmin modeldə parlament qərarların icrasını ləngidən maneə kimi qəbul olunur. Sebastyen Lekornu isə bu modelin texniki icraçısı rolunda çıxış edir. Onun siyasi çəkisi daha çox prezidentin iradəsini mübahisəsiz icra etməklə ölçülür. Nəticədə Fransa paradoksal vəziyyətə düşüb. Parlament mövcudluğunu itirmir, lakin təsir imkanları getdikcə daralır. Səsvermələr keçirilsə də, qərarlar əvvəlcədən verilir. Etimadsızlıq mexanizmi işə düşür, lakin siyasi nəticə doğurmur. Bu isə demokratiyanın formal olaraq qorunduğu, mahiyyət etibarilə zəiflədildiyi bir sistem yaradır.
Sonda qeyd edək ki, üçüncü dəfə təkrarlanan eyni ssenari onu deməyə əsas verir ki, Fransada problem bütöv idarəetmə məntiqindədir. Parlamentin səsi var, amma iradəsi yoxdur. Hökumət prosedur baxımından qalib gəlir, lakin ictimai etimadı sürətlə itirir. Əgər bu kurs dəyişməzsə, yaxın perspektivdə vəziyyəti xilas edəcək heç bir siyasi manevr qalmayacaq. İmpiçment “serialı”nın orosedur fəndləri, konstitusion boşluqlardan istifadə bir müddət nəticə verə bilər. Lakin bu gedişlə nə çevik koalisiyalar, nə taktiki kompromislər, nə də növbəti parlament oyunları ölkəni impiçment girdabından xilas etməyə qadir deyil. Çünki etimad itirildikdən sonra sistemin davamlılığı məsələsi iflasa uğrayır.
Xəyal BƏŞİROV,
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq
Fransada baş nazirlərin tez-tez dəyişməsi, hökumətlərin istefaya getməsi, ictimaiyyətin qanunvericilikdə edilən sosial dəyişikliklərə və yeni qanunlara qarşı etirazları, həmçinin “Sarı jiletlilər” hərəkatı ölkədə ciddi idarəetmə çatışmazlığının açıq göstəricisidir. Bu etirazlar yalnız daxildə deyil, Avropa səviyyəsində də Fransa hökumətinə qarşı narazılıqların olduğunu göstərir. Hesab edirəm ki, hökumətin parlamenti ələ keçirməsi problemin yeganə izahı deyil. Əsl səbəb Emmanuel Makron administrasiyasının uğursuz daxili və xarici siyasətidir. Paralel olaraq, Sebastyen Lekornunun siyasi təcrübəsinin məhdud olması da prosesdə rol oynayır. O, gəncdir və yüksək siyasi postlarda geniş təcrübəyə malik deyil.
Bununla yanaşı, Makron administrasiyasının parlamentin aşağı palatasından layihələri keçirməkdə çətinlik çəkməsi hökumətin idarəetmə qabiliyyətinin zəifliyini açıq göstərir. Xatırlatmaq lazımdır ki, kabinet məhz Makronun təşəbbüsü ilə formalaşıb. Avropa parlamentində hakim partiyanın uğursuzluğa düçar olması və xarici siyasətdə edilən səhvlər göstərir ki, proses Makron administrasiyasının ümumi siyasətinin nəticəsidir.
Problemi yalnız Fransaya aid etmək də düzgün olmaz. Avropa İttifaqına üzv bir sıra dövlətlərdə idarəetmə uğursuzluqlarına şahid oluruq ki, bu da ənənəvi siyasətin Avropada zəiflədiyini göstərir. Ona görə də Makron növbəti cəhdlərini ciddi şəkildə nəzərdən keçirməli və hökumətin daxili siyasətini gücləndirməlidir. Gələcəkdə də Fransada növbəti dəfə kabinetə etimadsızlıqla bağlı addımlar atılacaq və bu, təbii ki, ölkənin həm Avropada, həm də beynəlxalq aləmdə nüfuzuna ciddi zərbə vuracaq
Nəzrin ELDARQIZI
XQ