Fransada prezident seçkiləri Avropanın siyasi kursunu dəyişəcəkmi?

05.08.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransada, adətən, ictimai fəallığın azalması ilə xarakterizə olunan yay siyasi mövsümü bu il qeyri-adi hadisələrlə zəngindir. Ən başlıcası, 2027-ci ildə Beşinci Respublikada keçiriləcək prezident seçkilərinə hazırlıqdır. Konstitusiyaya görə, səsvermə hazırkı prezidentin səlahiyyət müddətinin bitməsindən 20-35 gün əvvəl keçirilməlidir. Seçkilər Emmanuel Makronun ikinci prezidentlik müddətinin 14 mayda bitməsinə 12 gün qalmış başa çatacaq. Hökumətin iyulun əvvəlində elan etdiyi kimi, prezident seçkilərinin birinci turu 2027-ci il 18 aprel bazar günü keçiriləcək, ikinci tur isə 2 may bazar gününə təyin olunub.

Hesablamalar göstərir ki, səsvermə 1 may Əmək Günündən dərhal sonra, ölkənin bəzi yerlərində məktəb tətillərinin ən qızğın vaxtında keçiriləcək. Mühüm bir kampaniyanın belə bir vaxta təsadüf etməsi artıq indidən ölkədə seçki fəallığının azalması ilə bağlı narahatlıqlara səbəb olub və bir çox suallar doğurur.

Lion II Lümer Universitetinin dövlət hüququ üzrə dosenti və Fransa demokratiyasının müşahidəçisi Kristof Şabron “Euronews”a verdiyi müsahibədə qeyd edir ki, 1 may şənbə gününə təsadüf etdiyindən, seçki fəallığına mənfi təsir göstərə biləcək heç bir “uzun istirahət günləri və “körpülər” olmayacaq. Seçki tarixləri deyil, siyasi amillər seçkilərdə iştirak etməmək əhvali-ruhiyyəsini qızışdıra bilər”.

Kristof Şabronun sözlərinə görə, 2007-ci il seçkiləri ilə müqayisədə hər prezident seçkilərində səsvermədə “qəsdən” iştirak etməmə hallarının sayı artıb. Bu tendensiya Emmanuel Makronun dövründə daha da güclənib: 2017-ci ilin ikinci turunda bitərəflik nisbəti 25 faizi keçib, 2022-ci ildə isə 28 faizə çatıb.

Ekspert əlavə edir ki, “səsvermədə iştirak etməmə şüurlu bir siyasi seçimə – siyasi sinfə qarşı etiraz formasına çevrilib. Həm solçu, həm də sağçı namizədlərin arasında birliyin olmaması seçiciləri daha da parçalaya bilər”.

İkinci turda, belə demək mümkünsə, “kənar” düşərgələrdən olan namizədlərin mümkün iştirakı ənənəvi partiyaların elektoratlarının bir hissəsini də səsvermədən uzaqlaşdıra bilər.

Maraqlı məqam ondan ibarətdir ki, ən azı 25 siyasətçi artıq seçkilərdə iştirak etmək niyyətini açıqlayıb, digərləri isə öz vaxtlarını gözləyir və ya əlverişli nəticədən asılı olaraq namizədliklərini hazırlayırlar. Fransua Olland da həmin siyasətçilərdəndir. Keçmiş prezident mənsub olduğu siyasi düşərgənin vahid namizəd axtarışı ilə bağlı mübahisələrdən bir nəticəyə gələ bilmədiyini diqqətlə izləyir və Şabronun dediyi kimi, görünür, şansını “siçan yuvası” strategiyasına bağlayır: kampaniyanın sonuna qədər o, sol cinahda qalan tək adam ola bilər.

Solçular arasında, ortaq mövqe formalaşdırılmamışdan əvvəl bir neçə sosialist artıq namizədliyini özü irəli sürmüşdü: millət vəkili Jerom Qedj, Sent-Uenin meri Kərim Buamran və deputat Filipp Bryun. Onlardan heç biri Sosialist Partiyasının (SP) namizəd seçimi proseduru ilə bağlı qərar verməsini gözləmədi. Partiyanın birinci katibi Olivye For, “Əyilməz Fransa” istisna olmaqla, “Yaşıllar” və digər solçu qüvvələrlə birlikdə ilkin seçkilərin keçirilməsini müdafiə edir. Boris Vallotun rəhbərlik etdiyi daxili müxalifət isə, SP üzvləri ilə yanaşı, həmçinin Rafael Qluksmanın “İctimai yer” partiyasının və Bernar Kaznyovun “Saziş” hərəkatının fəalları ilə məhdudlaşan səsverməyə üstünlük verərdi.

Mərkəzçi blok da hələ vahid namizəd axtarışında daxili münaqişələrin dumanından çıxa bilmir. İki keçmiş baş nazir – “Üfüqlər” partiyasından Eduard Filipp və “İntibah” partiyasından Qabriel Attal da keçmiş makronist dayaqlarını möhkəmləndirmək üçün mübarizə aparırlar. Düşərgədəki nüfuzlu fiqurlar, onların hər hansı birini dəstəkləməzdən əvvəl hansının açıq şəkildə lider kimi ortaya çıxmasını gözləyirlər.

Sağ cinahdan isə yalnız “Respublikaçılar” partiyasının sədri Bruno Reytallo namizədliyini açıqlayıb, lakin digərləri də seçkiyə qoşulmağı istisna etmir. Onların arasında millət vəkilləri Loran Vaukye və Ksavye Bertrand da var. Regional şuranın sədri O-de-Frans regionunun rəhbəri Ksavye Bertrandın sözlərinə görə, seçicilər hazırda prezident seçkilərinə deyil, daha çox tezliklə start götürəcək Tur de Frans haqqında düşünürlər.

Bunun əksinə olaraq, “Əyilməz Fransa” mürəkkəb namizədlik prosedurunu adlaya bilib. Partiyanın mənəvi lideri 74 yaşlı Jan-Lük Melanşon siyasi karyerasında dördüncü dəfə prezidentliyə namizədliyini irəli sürür.

Lakin namizədlərin irəli sürülməsi kampaniyasının əsas xəbəri, şübhəsiz ki, Paris Apellyasiya Məhkəməsinin 7 iyulda çıxardığı qərar oldu. Bu qərar ifrat sağçı “Milli birliy”in lideri və partiyanın parlament fraksiyasının rəhbəri Marin Le Penin 2027-ci il prezident seçkilərində namizədliyini irəli sürməyə rəsmən icazə verdi. Siyasətçinin özünün dövlət başçısı postu uğrunda mübarizəsini davam etdirmək qərarı seçki yürüşünə faktiki olaraq start verdi və mövcud vəziyyəti qismən aydınlaşdırdı. Marin Le Penin meydana çıxması artıq öz kampaniyalarına başlayan bütün digər namizədlərin qaçılmaz olaraq nəzərə almalı olduğu bir amilə çevrildi.

Maraqlıdır ki, məhkəmə “Milli Birliy”in liderini Avropa Parlamentinin vəsaitlərini mənimsəməkdə fundamental olaraq günahkar hesab etsə də, onun cinayət cəzasının müddəti və forması yüngülləşdirildi və yalnız kassasiya məhkəməsinə müraciət etmək imkanı onun elektron qolbağ taxmasına ehtiyacı aradan qaldırdı. Belə olmasaydı Le Penin bu seçkilərdə iştirakını fiziki olaraq qeyri-mümkün edərdi. Beləliklə, ifrat sağçılar liderlərinin taleyi ilə bağlı qeyri-müəyyənliyi minimuma endirmək üçün əllərindən gələni etdilər.

Buradan maraqlı suallar doğur: Əvvəla, Paris Apellyasiya Məhkəməsi müsbət qərar verməsə, hadisələr necə cərəyan edəcəkdi və “Milli birlik” partiyasının namizədi kim olacaqdı və onun şansları necə qiymətləndirilirdi? İkincisi, hazırkı mərhələdə partiya liderinin məhkəmə tərəfindən günahkar elan edilməsi və təqsirli bilinməsi onun siyasi kampaniyada iştirakına necə təsir göstərəcək?

Marin Le Pen hələ 2010-cu illərin sonlarında siyasi uzaqgörənliklə hipotetik varisini təbliğ etməyə başlamışdı. Cəmi 30 yaşında olan gənc Jordan Bardella 2019-cu ildə Avropa Parlamentinin üzvü və partiyanın sədr müavini, 2022-ci ildə M. Le Penin özünün yerinə keçərək partiyanın sədri seçilir və 2024-cü ildə Milli Assambleyaya növbədənkənar seçkilərdə baş nazir vəzifəsini ciddi şəkildə hədəfləyən, sürətli bir karyera qurmuşdu. Əsas namizədin seçkilərdən kənarlaşdırılması halında, Bardellanın 2027-ci ildə Yelisey sarayı uğrunda mübarizədə, ən azı, müəllimi ilə eyni şanslarla ifrat sağçılara liderlik etməsi ehtimalı yüksək idi. İki lider arasındakı fikir ayrılıqları ağıllı şəkildə aradan qaldırılırdı: hər ikisi tez-tez partiya tədbirlərində birlikdə görünür, mətbuat qarşısında bir-birinə son dərəcə sədaqətli münasibət və qarşılıqlı etimad sərgiləyirdilər. Lazım gələrsə, estafeti təhvil verməyin kənar müşahidəçilər üçün mümkün qədər problemsiz və tam davamlılıq hissi ilə keçəcəyi gözlənilirdi.

Qaldı ikinci suala, “OpinionWay”ın sədr müavini Bryuno Janbar “Les Échos” qəzetinə verdiyi müsahibədə bu suala belə cavab verir: “Onun mühakimə edilməsinin heç bir mənfi təsiri olmayıb. Əksinə, namizədliyini elan etməsi müsbət rol oynayıb. Hadisə məhkumluq deyil, namizədlik idi”.

Marin Le Pen adının özü nə qədər mübahisəli olsa da, lakin başa düşülən bir brenddir və onilliklər boyu davam edən mübarizə və heyrətamiz xarizma ilə dəstəklənir. Bu klanın üzvlərinə səs verməyə alışmış əksər seçicilər üçün prezident seçkilərində “Milli Birliy”in fərqli bir namizədinin görünməsi psixoloji cəhətdən çətin olardı. Nəticə etibarilə, aralarında razılaşma görünsə belə, Bardella ətrafında Marin Le Pen ətrafındakı kimi avtomatik olaraq eyni birləşmə baş verməzdi. Bu da öz növbəsində digər partiyalara son illərdə “Milli Birliy”ə cəlb edilən seçiciləri geri qaytarmaq üçün fürsət verərdi. Hələ təcrübəsiz olan Bardella təzyiq altında əzilə və səhvlər edə bilərdi.

Hazırda Fransada keçirilən rəy sorğuları Marin Le Penin 2027-ci ildəki seçkilərə müsbət proqnozlarla getdiyini göstərir. “Elabe”nin məlumatlarına görə, Marin birinci turda 34-35 faiz səslə qalib gəlir və daha da əhəmiyyətlisi, ikinci turda istənilən potensial rəqibini məğlub etmək ehtimalı yüksəkdir. Ən riskli ehtimallar Eduard Filipplə olan rəqabətdir ki, burada da 52-nin 48 faiz nisbətində yenə də Le Pen irəlidədir. Çox maraqlıdır ki, Bryuno Janbarın qeyd etdiyi kimi, məhkəmənin hökmü “Milli Birliy”in liderinə qarşı ictimai rəyi daha da gücləndirib. “Ifop” İnstitutu qeyd edir ki, respondentlərin 69 faizi M. Le Penin “nüfuzunu”, 62 faizi “cəsarətini” və 55 faizi onun ölkənin gələcəyi ilə bağlı baxışlarını bəyənir. Son 10 ildə ona prezidentliyə layiq bir fiqur kimi inam xeyli artıb və 30 faizdən 46 faizə çatıb. Əgər bu tendensiya davam edərsə, yekun qələbə şansları 2017 və 2022-ci illərdəkindən daha çox hiss olunacaq.

Amma namizədin seçki platformasından da çox şey asılı olacaq. Hələlik partiyanın bu platformanı həssas qrupların müdafiəsi, miqrasiyanın məhdudlaşdırılması və heç bir radikal çalar olmadan Avropa Birliyinə qarşı daha mülayim mövqe ətrafında quracağını düşünmək olar. Digər partiyaların nümayəndələri ilə debatlar isə mübarizədə daha vacib olacaq, çünki əvvəlki seçkilərdə Emmanuel Makronla hər iki yarışda Marin Le Pen zəif nəticə göstərib. Bu zəiflik ənənəvi xarakterə çevrilməməlidir.

Fransada keçiriləcək prezident seçkilərinin ölkənin beynəlxalq arenadakı siyasətinə necə təsir edəcəyi də artıq indidən ciddi müzakirə mövzusuna çevrilib. Keçmiş Britaniya diplomatı Yan Praud bugünlərdə “YouTube” kanalına verdiyi müsahibədə deyib: “Ayrı-ayrı Avropa ölkələrində keçirilən seçkilərdən sonra siyasi həyatda dönüş baş verə bilər, çünki liderlərin dəyişilməsi siyasi qüvvələr balansına təsir edəcək”. Praud Fransadakı prezidentlik kampaniyasını ilk mühüm hadisə kimi vurğulayır və hesab edir ki, “Milli Birlik” partiyasının lideri Marin Le Penin qalib gəlmək şansı yüksəkdir. Onun sözlərinə görə, “Le Penin seçilməsi təkcə Fransanın daxili siyasəti və Parisin Avropa İttifaqı ilə münasibətləri üçün deyil, həm də Ukrayna münaqişəsinə Avropa yanaşması üçün də ciddi geosiyasi nəticələrə səbəb ola bilər”.

Praudun şərhindən görünür ki, o, Fransadakı seçkiləri daha çox Beşinci Respublikanın Rusiyaya münasibətinin dəyişəcəyi və eyni zamanda, Avropanın bir qismini də ardınca apara biləcəyi ehtimalı ilə əlaqələndirir. Lakin rusiyalı politoloq Vladimir Kireyev “FederalPress”ə verdiyi müsahibədə Praudun bu gözləntilərini şübhə altına alaraq, Fransa millətçi liderinin fikirlərinin dərin təkamülünə işarə edir: “Marin Le Penin keçmişdə Rusiya ilə münasibətləri olub, dostcasına mövqe bildirib və Ukraynaya tənqidi yanaşıb. Lakin ötən illər ərzində o, Fransa siyasi elitasına inteqrasiya olub, Fransanın xarici və daxili siyasəti üçün vacib olan prinsipləri, o cümlədən Rusiya ilə qarşıdurma və Ukraynaya dəstək prinsiplərini qəbul edib”, - deyə ekspert bildirib.

Kireyevin sözlərinə görə, Le Pen “fransız siyasətçisinin əsas populyar simasına” çevrilib. “Paradoksal olaraq, onun yüksək uğur şanslarını təmin edən də məhz bu transformasiyadır: ritorikaya baxmayaraq, siyasi elita ümumi qəbul edilmiş çərçivədə fəaliyyət göstərən fiqurun hakimiyyətə gəlməsinə razılıq verməyə hazırdır. Onun ölkəsinin Rusiyaya qarşı siyasətini dəyişəcəyi gözləntisi əsassızdır”.

Kireyev iddia edir ki, “Fransa seçkilərinin “sehrli çubuq” olacağını gözləmək də real deyil. Fransa o qədər də əhəmiyyətli bir ölkə deyil; o, sadəcə Ukraynanı dəstəkləyən və Rusiya ilə müharibəyə hazırlaşan “Avropa üçlüyü”ndən biridir. Bu 3 ölkədən birinin prosesdən çəkiləcəyi fikri real görünmür”.

Hətta hipotetik halda belə Parisin aktiv dəstək mərhələsindən çəkiləcəyi, Avropa qitəsinin uzunmüddətli qarşıdurmaya hazırlığının ümumi vektorunu dəyişməyəcək. Ekspert vurğulayır ki, “prezidentin adından asılı olmayaraq, Rusiya üçün əlverişsiz istiqamətdə dəyişikliklər davam edəcək”.

Bəs niyə Yan Praud kimi nüfuzlu Qərb eksperti Fransa siyasətində mümkün dönüş barədə tezis irəli sürməyə davam edir? Vladimir Kireyev bunu informasiya oyununun elementi kimi görür: “Keçmiş Britaniya diplomatı niyə əksini deyir? Yalnız Avropa siyasətində gərginlik yaratmaq üçün. O, yanılmır; sadəcə sözləri ilə intriqa yaradır”. Politoloqun fikrincə, bu cür ifadələr AB daxilində təzyiq yaratmaq və Le Penin real planlarını əks etdirməmək üçün lazımdır.

Bütün bunlara baxmayaraq, Fransada heç bir seçki, təxminən, 1 il əvvəldən və rəy sorğularına tam uyğun olaraq qazanılmayıb. Məhkəmə proseslərinin davam etdiyi şəraitdə ifrat sağçılar hər an kartları dolaşdıra biləcək yeni siyasi və hüquqi qalmaqallara hazır olmalıdırlar. Payız və qışın ilk aylarında namizədlərin dairəsi dəqiqləşəndə rəqiblər də sıralarını sıxlaşdıracaqlar. Bu mənada, qarşıdakı aylarda gedən seçki yarışında ən vacib mövzular, birincisi, mərkəzçi düşərgə daxilində “Makronizm” dövrünü daha 5 il uzatmaq hüququ uğrunda daxili mübarizə və ikincisi, sol blokun yeni bir konfiqurasiyasının axtarışı olacaq.

İlqar RÜSTƏMOV,
XQ-nin siyasi analitiki

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью