Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 12 oktyabr, AZƏRTAC
Fransanın təhsil naziri Eduard Jofrey bildirib ki, bazar ertəsi Fransanın cənubundakı Oban şəhərində yerləşən orta məktəbdə məktəb direktoru və bir müəllim güllələnərək yaralanıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, nazir “X” sosial platformasındakı paylaşımında hadisəni törətməkdə bir şagirdin şübhəli bilindiyini qeyd edib. O əlavə edib ki, Daxili İşlər Nazirliyinin rəsmisi və Buş-dü-Ron departamentini təmsil edən millət vəkili Sabrina Rubaş ilə birlikdə “Lakanal” orta məktəbinə yollanır.
Fransanın BFMTV telekanalının məlumatına görə, 53 yaşlı direktor sağ ombasından, 37 yaşlı müəllim isə bud nahiyəsindən güllə yarası alıb. Telekanalın istinad etdiyi, işlə bağlı məlumatlı mənbəyə əsasən, onların xəsarətləri həyatları üçün təhlükə yaratmır.
BFMTV-nin xəbərinə görə, atəş açmaqda şübhəli bilinən 14 yaşlı məktəbli saxlanılıb. Telekanal əlavə edib ki, faktla bağlı qətlə cəhd maddəsi ilə cinayət işi açılıb.
Oban şəhərinin meri Jan-Pyer Skillari heç bir şagirdin xəsarət almadığını bildirib.
Yerli məlumatlara görə, atışma hadisəsinin Fransada keçirilən orta məktəb etirazları ilə heç bir əlaqəsi yoxdur; məktəb blokada aksiyalarından təsirlənməyib.
“Bu yeni hücum qarşısında milli təhsil sistemi ciddi sarsıntı keçirən təhsil icması ətrafında birlik və güc nümayiş etdirəcək”, - deyə Jofrey bildirib. O, hadisəni Fransa cəmiyyətində cilovlanmaz zorakılığın yayılmasını nümayiş etdirən yolverilməz hərəkət kimi qiymətləndirib. “Buna qarşı hamımız həm sözlərimiz, həm də əməllərimizlə səfərbər olmalıyıq”, - deyə nazir əlavə edib.