Fransada vəziyyət nəzarətdən çıxır Hökumət orduya müraciət etdi

21.10.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransada bahalaşmaya və dövlət xidmətlərindəki problemlərə qarşı keçirilən etirazlar zorakılıq və talanlarla nəticələnib. Yeni aksiyalar ərəfəsində hökumət təhlükəsizlik tədbirlərini gücləndirmək, polisə kömək üçün hərbi qüvvələri də cəlb etmək qərarına gəlib.

“Yeni Sabah” xəbər verir ki, oktyabrın 17-də başlayan və Paris, Marsel, Lion başda olmaqla bir sıra şəhərlərə yayılan etirazlardan sonra Fransa hökuməti yeni aksiyalara qarşı genişmiqyaslı təhlükəsizlik əməliyyatına hazırlaşır. Baş nazir Sebastyan Lekornyu oktyabrın 24-də, şənbə günü keçirilməsi nəzərdə tutulan etirazlar öncəsi təhlükəsizlik tədbirlərinin genişləndiriləcəyini açıqlayıb. Parlamentdə çıxış edən baş nazir əsas məqsədlərinin ictimai asayişi bərpa etmək olduğunu bildirib. O, qarşıdakı şənbə günü təhlükəsizlik qüvvələrinin geniş şəkildə yerləşdiriləcəyini deyib. Daxili işlər naziri Loran Nyunez isə yeni aksiyalar zamanı polisə dəstək məqsədilə hərbi qüvvələrin də cəlb olunacağını açıqlayıb.

Bu qərar ötən həftəsonu baş verən zorakılıq və talanlardan sonra təhlükəsizlik qüvvələrinin hadisələrə müdaxiləsinin yetərsiz olması ilə bağlı tənqidlərin artması fonunda verilib. Dominos pizza

Baş nazir baş verənlərə görə ifrat solçu qrupları məsul tutub. Həmin qruplar isə hökuməti bahalaşma və dövlət xidmətlərinin pisləşməsi ilə bağlı insanların narazılığını nəzərə almamaqda ittiham ediblər. Fransada etirazların genişlənməsi və təhlükəsizlik qüvvələrinin vəziyyətə nəzarət etməkdə çətinlik çəkməsi gələn il keçiriləcək prezident seçkiləri ərəfəsində siyasi gərginliyi də artırıb.

Fransa hökuməti ötən həftəsonu baş verən hadisələrə müdaxilə zamanı ciddi nöqsanlara yol verildiyini qəbul edib. Baş nazir Sebastyan Lekornyu kəşfiyyat məlumatlarının toplanması və qiymətləndirilməsində problemlər yarandığını, polis qüvvələrinin ərazilərdə kifayət qədər çevik yerləşdirilmədiyini bildirib. O, təhlükəsizlik əməkdaşlarının əvvəlcədən planlaşdırılan məzuniyyətlərinin ləğv edilməməsini də səhv adlandırıb.

Daxili işlər naziri Loran Nyunez də baş verənlərə görə üzr istəyib. O, hadisələrdən dərin təəssüf hissi keçirdiyini və üzərinə düşən məsuliyyəti qəbul etdiyini bildirib. Hökumət oxşar hadisələrin təkrarlanmaması üçün təhlükəsizlik qüvvələrinin müdaxilə üsullarının yenidən nəzərdən keçiriləcəyini açıqlayıb.

Zorakılığın daha geniş yayıldığı bəzi ərazilərdə gecə küçəyə çıxmağa qoyulan məhdudiyyətlərdən sonra ölkədə gecə saatları nisbətən sakit keçib. Rəsmilər, o cümlədən 18 yaşdan kiçik şəxslərə şamil edilən bəzi məhdudiyyətlərin ictimai asayişin bərpasına kömək etdiyini bildiriblər.

Fransa parlamenti isə etirazlar zamanı baş verən zorakılıqların səbəblərini araşdırmaq üçün komissiya yaradılması istiqamətində addım atıb. Hadisələrdə iştirak edən şəxslərin müəyyənləşdirilməsi və saxlanılması məqsədilə 200 müstəntiq işə cəlb olunub.

Fransadakı hadisələrlə yanaşı, İtaliya və Albaniyada da etirazlar və zorakılıq halları qeydə alınıb. İtaliyanın maliyyə mərkəzi sayılan Milan başda olmaqla ölkənin şimalındakı bəzi şəhərlərdə həftəsonu keçirilən aksiyalar zamanı mağazalar hədəfə alınıb. Hadisələrdən sonra Baş nazir Corcia Meloninin rəhbərlik etdiyi hökumətin yeni təhlükəsizlik tədbirlərini nəzərdən keçirdiyi bildirilib.

İtaliyanın müdafiə naziri Quido Krosetto etirazların təşkilində sosial şəbəkələrin roluna diqqət çəkib və baş verənləri “hibrid müharibə” adlandırıb. O, Milan və digər şəhərlərdəki hadisələrin əvvəlki ictimai iğtişaşlardan fərqləndiyini, Qərb ölkələrinin bu yeni vəziyyətə qarşı yetərli tədbirlər görmədiyini iddia edib.

Albaniyada isə Baş nazir Edi Ramanın hökumətinə qarşı etirazlar yeddinci gününə daxil olub. Paytaxt Tiranada yeni aksiyaların keçirilməsi planlaşdırılıb.

Avropanın müxtəlif ölkələrində baş verən hadisələr bahalaşma, dövlət xidmətlərindəki problemlər və büdcə siyasətinə qarşı narazılıqları yenidən gündəmə gətirib.

Əsmətxanım Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью