Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fransada dərinləşən iqtisadi və siyasi böhranın bütün Avropaya yayılması Avropa İttifaqının (Aİ) gələcəyini sual altına qoya bilər. Uzunmüddətli perspektivdə bəzi ölkələrin birlikdən ayrılmaq istəyə biləcəyi bildirilir.
Sherg.az xəbər verir ki, Türkiyənin “Hürriyet” qəzeti Fransadakı son vəziyyəti və onun Avropaya mümkün təsirlərini təhlil edib.
Avropanın ikinci ən böyük iqtisadiyyatına malik Fransada büdcə böhranı getdikcə dərinləşir. Dövlət borcunu nəzarət altına almaq istəyən hökumət büdcə kəsirini ümumi daxili məhsulun 5 faizinə endirməyi hədəfləyir. Lakin parlamentdə çoxluğu olmayan hökumətin büdcə layihəsinin ilk mərhələsi rədd edilib. Ölkədə bahalaşmaya və büdcə ixtisarlarına qarşı etirazlar isə davam edir.
“Inveo Portföy” şirkətinin fondların idarə edilməsi üzrə direktoru Eral Karayazıcı küçələrdəki narazılığın son beş ildə yaşanan rifah itkisinin nəticəsi olduğunu bildirib. O, problemin bütün Avropaya yayıla biləcəyini vurğulayaraq, uzunmüddətli perspektivdə Avropa İttifaqının Avropa İqtisadi Birliyinin əvvəlki modelinə qayıtmaq riski ilə üzləşə biləcəyini deyib.
“Avropa İttifaqının əvvəlki strukturuna qayıtmaq riski var”
Karayazıcının sözlərinə görə, Fransada baş verənlər Aİ-nin gələcəyi baxımından da qiymətləndirilməlidir. Onun fikrincə, birliyin mövcud strukturu zamanla dəyişə bilər:
“Düşünülür ki, Aİ zaman keçdikcə fərqli bir struktura çevriləcək. Bu, birliyin ən ilkin forması olan Avropa İqtisadi Birliyinə qayıtmaq riskini də gündəmə gətirir. Bunun baş verib-verməyəcəyini bilmirik”.
“Birlikdən ayrılmağa cəhd edən ölkələr ola bilər”
Ekspert Aİ-nin strukturunda mümkün dəyişikliklərin uzun illər ərzində baş verə biləcəyini bildirib:
“Hazırda heç kim bunu rəsmi şəkildə dilə gətirmir. Hətta Fransada Marin Le Pen də ‘Avropa İttifaqından ayrılaq’ demir. Amma bu proses addım-addım, bəlkə də 10 il ərzində baş verə bilər. Belə bir risk yaranıb. Məncə, son nəticədə bu risk reallaşmayacaq. Ancaq məsələ gündəmə gələ və birlikdən ayrılmağa cəhd edən ölkələr ola bilər”.
Karayazıcı tələbələrin etirazlarının səbəblərinə də toxunub. Onun sözlərinə görə, tələbələr təhsildə müəyyən standartların təmin olunmasını gözləyirlər, lakin bunun üçün kifayət qədər büdcə ayrılmır. Ekspert hesab edir ki, etirazlar son beş ildə yığılıb qalmış rifah itkisinin nəticəsidir.
“Rifah itkisi siyasi tarazlığı dəyişir”
Karayazıcının fikrincə, iqtisadi problemlərin təsiri yalnız etirazlarla məhdudlaşmır. Əhalinin alıcılıq qabiliyyətinin azalması seçicilərin siyasi seçimlərinə də təsir göstərir.
Avropada mərkəzçi partiyalara dəstəyin zəifləməsini bu proseslə əlaqələndirən ekspert Almaniyada ifrat sağın yüksəlişini də nümunə göstərib:
“Az və orta gəlirli ailələr narazılıqlarını Fransada küçələrdə, digər ölkələrdə isə seçki qutularında nümayiş etdirirlər. Almaniyada ifrat sağın yüksəlişi də bunun nümunələrindən biridir. Fransada aprel ayında seçkilər keçiriləcək. İfrat sağ və ifrat sol qüvvələr yarışacaq, mərkəzçi siyasi qüvvələr isə demək olar ki, yox səviyyəsindədir. Çox böyük siyasi dəyişiklik yaşayırıq. Bunun səbəbi rifah itkisi ilə üzləşən ailələrin mərkəzçi partiyalardan uzaqlaşmağa başlamasıdır”.