Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Fransa Hərbi-Dəniz Qüvvələri Rusiyadan yola çıxan və sanksiyalar altında olan neft tankerini ələ keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron məlumat verib.
Onun sözlərinə görə, gəmi saxta bayraq altında hərəkət etməkdə şübhəli bilinir. Əməliyyat Aralıq dənizində bir neçə müttəfiqin dəstəyi ilə həyata keçirilib. Prezident bildirib ki, əməliyyat BMT-nin Dəniz Hüququ Konvensiyasına tam uyğun şəkildə aparılıb. Makron vurğulayıb ki, Paris beynəlxalq hüquqa riayət olunmasında və sanksiyaların effektiv icrasında qətiyyətlidir.
“Məhkəmə istintaqı başlanıb. Gəmi başqa istiqamətə yönləndirilib,” — deyə Makron bildirib.
Fransa prezidentinin bu açıqlaması Volodimir Zelenskinin Davos forumunda Avropanı zəiflikdə günahlandırdığı vaxta təsadüf edib. Ukrayna lideri çıxışında xüsusilə bildirib ki, ABŞ neft tankerlerini saxlayır, Avropa isə bunu etmir.
Xatırladaq ki, bir neçə gün öncə ABŞ hərbçiləri federal məhkəmənin orderi əsasında “Bella-1” adlı neft tankerini saxlayıb. Gəmi Rusiya qeydiyyatında olub. Bir neçə saat sonra daha bir gəminin, “M/T Sophia” tankerinin saxlanıldığı açıqlanıb. Hər iki gəminin Venesuela ilə əlaqələrinin olduğu bildirilir. Ağ Ev bildirib ki, Bella-1 tankerinin heyəti sanksiyalar altında olan neftin daşınmasına görə məhkəmə qarşısına çıxarılacaq.
Əliyar Xəlil