Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

30.09.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 30 sentyabr, AZƏRTAC

Fransalı Formula 1 pilotu Esteban Okon 2026-cı il mövsümünün sonunda “Haas” komandası ilə yollarını ayıracağını rəsmən açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə pilot sosial şəbəkə hesabında paylaşım edib.

Onun ABŞ komandası ilə müqaviləsi mövsümün sonunda başa çatır. Okon iki ildir “Haas”ın heyətində çıxış edir. Fransalı pilot komandanı başıuca tərk etdiyini bildirib: “Müxtəlif səbəblərdən və mənim iradəmdən kənar amillər üzündən hər zaman asan olmayan şəraitdə göstərdiyim nəticələrlə fəxr edirəm. Uğur qazanmaq istəyim əvvəlki kimi böyükdür. Bu, Formula 1-də karyeramın sonu deyil”.

Hazırda pilotların şəxsi sıralamasında 7 xalla 16-cı olan Okon komanda yoldaşı Olli Bearmandan geridədir. Bearman 20 xalla 13-cü pillədə qərarlaşıb. Konstruktorlar Kubokunda isə “Haas” 27 xalla 7-ci yerdədir.

Növbəti mövsüm üçün komandası bəlli olmayan Okon diqqətini qarşıdakı yarışlara yönəltdiyini vurğulayıb. O, mövsümün sonunadək “Haas” üçün əlindən gələni edəcəyini və hər fürsətdən maksimum yararlanmağa çalışacağını bildirib.

Qeyd edək ki, Esteban Okon Bakıda keçirilən Azərbaycan Qran-Prisini 8-ci pillədə başa vurub və 4 xal qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью