Fransanin Aİ dən çıxmasının riskləri: “Frexit” ölkəyə nə vəd edir?

17.11.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paris, 17 noyabr, AZƏRTAC

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasından təxminən altı il sonra ölkənin iqtisadi göstəriciləri Fransanı üstələyir. İqtisadçı Mark Tuati bu nəticələri “Brexit”in gözləniləndən daha uğurlu olduğunu göstərən amil kimi qiymətləndirsə də, Fransanın Aİ-dən çıxmasının (Frexit) daha mürəkkəb nəticələr doğura biləcəyini bildirir.

AZƏRTAC xəbər verir ki, iqtisadçının “Europe 1” radiosuna açıqladığı məlumatlara görə, 2026-cı ilin üçüncü rübündə Böyük Britaniyanın ÜDM-i 0,7 faiz artdığı halda, Fransada 0,1 faiz azalıb. 2021-ci ilin yanvarından etibarən məcmu iqtisadi artım Britaniyada 17,3 faiz, Fransada isə 10 faiz təşkil edib.

Əmək bazarında da fərq müşahidə olunur: 2021-ci ildən bəri Böyük Britaniyada işsizlik səviyyəsi 5,1 faizdən 4,7 faizə düşdüyü halda, Fransada 8,1 faizdən 8,5 faizə yüksəlib. Bundan əlavə, məcburi vergi və sosial ödənişlərin ÜDM-də payı Britaniyada 40 faiz, Fransada isə 45,9 faizdir.

Mark Tuati bu fərqləri Britaniyanın daha yüksək struktur iqtisadi artımı, nisbətən aşağı vergi yükü, ABŞ və Birlik ölkələri ilə sıx iqtisadi-maliyyə əlaqələri, eləcə də maliyyə, texnologiya və süni intellekt sahələrində daha az məhdudlaşdırıcı tənzimləmə ilə izah edir.

Bununla belə, iqtisadçı Fransanın Britaniya nümunəsini təkrarlamasına ehtiyatla yanaşır. Onun fikrincə, iki əsas amil “Frexit”i “Brexit”dən daha mürəkkəb edərdi. İlk növbədə, Böyük Britaniya avrozonaya daxil olmadığı üçün öz milli valyutasını qoruyub saxladı. Fransanın Aİ-dən çıxması isə frankın yenidən dövriyyəyə qaytarılması məsələsini gündəmə gətirə bilər.

İkinci mühüm amil Fransanın hazırkı iqtisadi vəziyyətinin Britaniya ilə müqayisədə daha kövrək olmasıdır. Mark Tuatinin qənaətinə görə, Böyük Britaniya “Brexit”in nəticələrinin öhdəsindən ciddi çətinlik çəkmədən gələ bilsə də, Fransanın “Frexit” prosesini eyni şəkildə idarə etməsi çətin görünür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью