Fransanın milli bayramı münasibətilə Parisdə hərbi parad başlayıb

14.07.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Fransanın paytaxtı Parisin məşhur Yelisey çölləri prospektində ölkənin Milli Bayramı – 14 İyul (Bastiliya günü) münasibətilə ənənəvi hərbi parad başlayıb. Yelisey Sarayı builki tədbiri miqyasına və verdiyi mesajlara görə tarixi və misli görünməmiş parad kimi xarakterizə edir.

XQ xəbər verir ki, bu barədə məlumatı Fransa KİV-ləri yayıb.

Prezident Administrasiyasının açıqlamasına görə, builki parad Fransanın müdafiə qabiliyyətinin gücləndirilməsini, strateji muxtariyyət siyasətini və Avropanın təhlükəsizlik sahəsindəki yeni kollektiv yanaşmasını nümayiş etdirir. Bu mesaj həm də paraddan bir gün əvvəl Parisdə Ukraynaya dəstək məqsədilə yaradılmış və 37 dövləti birləşdirən “Könüllülər Koalisiyası”nın sammiti ilə sıx bağlıdır.

Tədbirdə koalisiyaya üzv ölkələrin 500-ə yaxın hərbçisi iştirak edir. Onların ardınca isə Fransa poliqonlarında xüsusi hazırlıq keçmiş 25 ukraynalı hərbçi Yelisey çölləri boyunca yürüş edəcək. Rəsmi tribunada Fransa Prezidenti Emmanuel Makron ilə yanaşı, Ukrayna Prezidenti Volodimir Zelenski daxil olmaqla, 30-a yaxın dövlət və hökumət başçısı paradı izləyir.

Yelisey Sarayının məlumatına əsasən, builki parad iştirakçı və texnika sayına görə rekord göstərici ilə yadda qalacaq. Belə ki, nümayişə ümumilikdə 6 800 hərbçi, 98 təyyarə, 31 helikopter və 315 hərbi texnika cəlb olunub. Rəsmi Paris bəyan edir ki, bu genişmiqyaslı nümayiş ölkənin yenidən silahlanması, müdafiə büdcəsinin artırılması və ordunun modernləşdirilməsi siyasətinin real nəticəsidir.

Parad Fransanın məşhur akrobatika qrupu “Patrouille de France”ın göy rəngli tüstü ilə reaktiv uçuşu ilə başlayıb. Daha sonra kabinasında fransız pilotlarla yanaşı, Fransada təlim keçmiş ukraynalı ikinci pilotların da əyləşdiyi iki “Mirage 2000” qırıcısı Paris səmasına qalxıb. Hava nümayişində Avropanın daha 10 müttəfiq ölkəsinin hərbi aviasiyası da iştirak edir.

İlk dəfə olaraq Fransa qırıcıları Yelisey çölləri üzərində qanadları altında real silah maketləri daşıyaraq uçuş həyata keçirirlər. Bundan başqa, döyüş helikopterləri yerdə hərəkət edən tank kolonlarının üzərində uçaraq müasir döyüş meydanında tətbiq olunan inteqrasiya edilmiş taktiki elementləri nümayiş etdirirlər.

Paradda həmçinin Estoniya və Rumıniyada NATO-nun şərq cinahında xidmət edən Fransa kontingenti, eləcə də yaranmasının rəmzi olaraq 400 illiyini qeyd edən Fransa Hərbi Dəniz Qüvvələrinin bölmələri xüsusi keçid edirlər.

Fransalı rəsmilərin və ekspertlərin fikrincə, builki hərbi parad Avropanın dəyişən qlobal təhlükəsizlik mühitinə verdiyi kəskin cavabın simvoludur. Vurğulanır ki, xüsusilə regional təhdidlər və ABŞ-nin gələcək xarici siyasətindəki qeyri-müəyyənliklər fonunda Avropa öz təhlükəsizliyini təmin etmək üçün artıq daha böyük və müstəqil məsuliyyət daşımaq məcburiyyətindədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью