Frantişkovı Laznedə tarixi kurort binasının döşəməsində akvarium quraşdırılıb

01.11.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Praqa, 1 noyabr, AZƏRTAC

Çexiyanın məşhur kurort şəhəri Frantişkovı Laznedə Bələdiyyə Evinin döşəməsinə quraşdırılmış unikal akvarium turistlərin marağına səbəb olur.

AZƏRTAC xəbər verir ki, XVIII əsrdə balların keçirildiyi binada şüşə döşəmənin altında rəngarəng koi karpları və möhtəşəm nərələr üzür. Bələdiyyə Evinin təməli 1793-cü ildə qoyulub, bir il sonra isə təntənəli şəkildə açılıb. 1876–1877-ci illərdə binaya neorenessans üslubunda böyük Kurort Salonu əlavə olunub, bu gün də mədəni tədbirlər üçün istifadə edilir.

Keçmiş restoranın döşəməsindəki akvarium 109 kvadratmetr sahəni əhatə edir və 60 mindən çox litr su tutur. Burada 38 dekorativ koi karpı və 30 nərə yaşayır; bəzi karplar 1990-cı illərin sonundan buradadır. Karplar çərşənbə axşamları, nərələr isə cümə axşamları yemlənir. Yenidənqurma zamanı müasir filtrasiya, havalandırma və işıqlandırma sistemləri quraşdırılıb; bu işdə balıqçılıq ənənələri ilə tanınan Třeboň şəhərinin mütəxəssisləri iştirak edib. Bina ekskursiyalar üçün də açıqdır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью