Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) arxiv görüntüləri yayılıb.
“Cebheinfo.az” xəbər verir ki, görüntülərdə Fred Asifin televiziya kanallarından birinə verdiyi müsahibə əks olunub. O, müsahibəsində Qarabağ müharibəsi zamanı cəbhədəki ağır vəziyyətdən, Ağdamın müdafiəsi uğrunda gedən döyüşlərdən danışıb.
Qeyd edək ki, Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. On biruşaqlı ailənin ilk övladı olan Asifin uşaqlığı çətin və yoxsulluq şəraitində keçib. 1969-cu ildə Ağdam şəhər 1 nömrəli orta məktəbi bitirdikdən sonra Dəzgahqayırma Zavodunda fəhlə kimi işləməyə başlayıb.
1971-ci il oktyabrın 31-də Ağdam kinoteatrında baş verən davada iştirakına görə həbs edilib. İki il müddətinə azadlıqdan məhrum edilsə də, səkkiz aydan sonra həbsdən çıxıb.
1988-ci ildən etibarən Ağdamın Abdal-Gülablı, Xıdırlı, Əmirallar, Sırxavənd, Bağbanlar və Əhmədavar kəndlərində müdafiə dəstələrinin yaradılmasında iştirak edib. 1991-ci ildə isə "Haqq Cəbhəsi" batalyonunu yaradıb. Qardaşları Ədalət, Səxavət, Bəhlul və Mahir də onunla birlikdə döyüşüblər.
Fred Asif 1991-ci il dekabrın 31-də Xramort kəndinin azad edilməsi əməliyyatında xüsusilə fərqlənib. Daha sonra Ağdamın Muradbəyli kəndində yerləşən hərbi hissənin silah-sursatının siyasi qarşıdurmalarda istifadə edilməsinin qarşısını alıb, batalyonunu həmin ərazidə yerləşdirərək sursatın Azərbaycanın müdafiəsi üçün istifadəsini təmin edib.
Hərbi təhsili olmasa da, 859 saylı hərbi hissənin ilk komandiri olub. Müdafiə naziri Dadaş Rzayevin əmri ilə ona polkovnik-leytenant hərbi rütbəsi verilib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinlərinin xilas edilməsi üçün Ağdam-Əsgəran istiqamətində dəhlizin açılması əməliyyatında batalyonu ilə iştirak edib.
Həmin il martın 7-də 859 saylı hərbi minaaxtaranlar hissəsinin komandiri təyin olunan Asif Məhərrəmov martın 10-da Aranzəmin, Pircamal və Dəhrəz kəndlərinin azad edilməsi əməliyyatında iştirak edib.
Aranzəmin əməliyyatı zamanı tətbiq etdiyi taktika ilə də yadda qalıb. O, artilleriya atəşi davam edərkən maşınla kəndə daxil olub. Atəş dayandıqdan sonra batalyonun digər döyüşçüləri də onun ardınca kəndə giriblər. Əməliyyatı yüksəklikdən izləyən Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev batalyonun itkisiz kəndə daxil olduğunu gördükdən sonra bu hərəkəti "fanat" addımı kimi qiymətləndirib.
1992-ci il iyunun 24-də Naxçıvanlı kəndi uğrunda döyüşlərdə ağır yaralanan Asif müalicədən sonra yenidən cəbhəyə qayıdıb. İyunun 28-də isə ermənilərin qumbaraatanla atəş açması nəticəsində olduğu avtomobil aşıb, ağciyəri ciddi zədələnib.
1993-cü ilin iyulunda Ağdam ictimaiyyətinin nümayəndələri ilə birlikdə Ümummilli lider Heydər Əliyevin qəbulunda olan Fred Asif bölgədəki vəziyyət barədə geniş çıxış edib. Təxminən 45 dəqiqə davam edən çıxışında Ağdamın müdafiəsində yaranmış ağır vəziyyəti diqqətə çatdırıb.
1993-cü il iyulun 23-də Ağdamın işğal olunması xəbəri həmin vaxt Bakıda xəstəxanada müalicə alan Asifə ağır təsir edib. Vərəm xəstəliyindən əziyyət çəkən döyüşçünün səhhəti daha da pisləşib.
Buna baxmayaraq, 1993-cü il oktyabrın 27-də Şelli uğrunda döyüşlərdə iştirak edib. Sonradan səhhətinin ağırlaşması səbəbindən hərbi hissəni təhvil verərək müalicə üçün Yaltaya gedib.
Fred Asif 1994-cü il iyulun 1-də vərəm xəstəliyindən vəfat edib. Bakıda II Şəhidlər xiyabanında dəfn olunub. Ailəli olan Milli Qəhrəmanın Azər adlı bir oğlu var.
Asif Məhərrəmovun həyatının ən diqqətçəkən məqamlarından biri də Milli Qəhrəman adından imtina etməsi olub.
1993-cü il dekabrın 7-də ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilsə də, Fred Asif bu təltifi qəbul etməyib. O, ölkə torpaqlarının işğal altında olduğu, insanların əsir götürüldüyü bir vaxtda qəhrəman adına layiq görülməsini doğru hesab etmədiyini bildirib.
Onun cavabı belə olub:
"Azərbaycanın böyük bir ərazisi işğal olunub, xeyli insan əsir götürülüb. Mən sinəmə medal vurub, qəhrəmanam deyib, öyünə bilmərəm. Müharibəni qələbə ilə başa vurarıq, bayrağımızı İrəvana sancarıq, ondan sonra qəhrəman məsələsinə baxarıq".
Yalnız 1998-ci ildə, ölümündən dörd il sonra ümummilli lider Heydər Əliyevin qərarı ilə Asif Məhərrəmovun Milli Qəhrəman adı bərpa edilib. Qəhrəman ulduzu və vəsiqəsi anasına təqdim olunub.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin