”Fürsətdən istifadə edən danimarkalı artistcəsinə qıvrıldı” Qarabağ ın oyununda təzadlı idarəçilik!

24.01.2026

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

“Qarabağ” “Ayntraxt” üzərində qələbə qazansa da, hakimlik də oyun qədər müzakirə olundu. Hətta matç bitəndən sonra prezident İlham Əliyev də bu barədə paylaşım etdi.

Baş hakim - isveçrəli Sandro Şerer oyunu necə idarə etdi?
"Futbol+"in eksperti Ağahüseyn Əzizovun qeydləri:

"Bu matçda VAR sisteminin tətbiq olunmaması müəmmalı məsələ idi. 57-ci dəqiqədə top uğrunda mübarizədə Elvin Cəfərquliyev Rasmus Kristensenin üzünə toxundu. Fürsətdən istifadə edən danimarkalı artistcəsinə qazonda qıvrıldı. İnsafən, baş hakimin onun hiyləsinə uymamasını da qeyd etməliyik. 73-cü dəqiqədə Kamilo Duran rəqibin cərimə meydançasında topa yiyələnərək qapıçıyla üz-üzə qalmaq üzrə olarkən, rəqib ona toxundu. Bu toxunuşa yüngül toxunuş da demək olmaz. Əslində hərəkətdə olan oyunçuya yüngül toxunuş kifayət edir ki, o, müvazinətini itirsin. Həmçinin təmasdan əvvəl rəqib onun qolundan da tutdu. Bu, rəqibi “son ümid folu” ilə dayandırmaqdı. Cəzası da penalti və sarı vərəqədi. Qırmızı vərəqə ona görə göstərilmir ki, qayda pozuntusu cərimə meydançasında baş verib. Görünür, Şerer penaltinin qolla nəticələnəcəyindən ehtiyatlanaraq, almanları cəzalandırmaq istəmədi. Üstündən 3 dəqiqə ötəndən sonra "Qarabağ"ın cərimə meydançasında, demək olar ki, oxşar epizod baş verdi. Fərq Bəhlul Mustafazadənin rəqibə daha çox güc tətbiq etməsində idi. Yəqin ki, Bəhlul az əvvəl Şererin analoji epizodda penalti təyin etməməsindən ürəklənərək belə hərəkət etdi. Amma “sən saydığını say, gör Sandro nə sayır”. O da tərəddüd etmədən “nöqtə”ni göstərdi və qərarında haqlı idi. Qalan digər epizodlarda hakim səhvləri nəzərə çarpmadı. Düşüncəsiz qayda pozuntularına, həmçinin "Qarabağ"ın məşqçisi Zaur Tağızadəyə etiraza görə göstərilən sarı vərəqələr yerində idi və artırılan vaxt da itirilənə müvafiq idi”.

Yeri gəlmişkən, VAR məsələsini də araşdırdıq. Oyunda VAR aktiv olub, sadəcə, meydançanın kənarındakı monitoru işləməyib.
MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью