“Futbol dəyişib, kiməsə rahat qalib gələ bilməzsən” Kərimov

06.10.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan yığması UEFA Millətlər Liqasında Litvanı məğlub edib – 1:0. Milli qrupda 5 xalla birinci sıradadır.

Yığmanın sabiq futbolçusu Aslan Kərimov “Futbolpress.az“a açıqlamasında nəticəni dəyərləndirdi:

“Əvvəldən demişdim, Litva ilə aşağı-yuxarı eyni səviyyədə futbol ölkəsiyik, ən azı indiki oyunlar bunu real göstərdi. Bakıdakı oyuna çox yaxşı başladıq. Lixtenşteynlə heç-heçədən sonra futbolçularda narahatlıq var idi. Gərginliyi aqressiyaya çevirə bildik. Litvalılar da pis komanda deyil, bəlli sistemləri var. Onlara qarşı şanslar yaratsaq da, dəyərləndirə bilmədik”.

Mütəxəssis millidəki çatışmazlıqlardan söz açdı:

“Litvalılar pressinq qarşısında uzun ötürmələrdən istifadə edir, təhlükəli olmağa başlayırdılar. Futbolçularımız bu amilləri bilirdi. Aqressiv oynayaraq, hesabı açdıq və üstünlüyü qoruduq.

Bu cür matçlardan çox qol vurmaq lazımdır. Çünki rəqibin fərqlənməsi vəziyyəti dəyişə bilərdi. 3-4 real imkanımızı boşa verdik. Bu, təəssüf yaradan məqamdır. Oyunun sonlarında isə gözlənilən kimi Litva hücumları artırdı, pressinqi gücləndirdi”.

Kərimov millinin Lixtenşteynlə səfər görüşündən də gözləntilərini bölüşdü:

“Futbolçular təzyiqi aqressiyaya çevirməyi bacardı və qələbə qazandı. Qarşıda bir oyun var. Hamı deyir ki, rahat qələbə olacaq. Amma onlar küçədən gəlməyib. Lixtenşteynin heyətindəki futbolçuların hamısı peşəkardır. Məşqçinin dediyi həvəskarlar gənc oyunçulardır. Ona qalsa, bizdə də SSRİ dövründə bir çox futbolçu iki işlə məşğul olurdu. Elə İsgəndər Cavadovun özü… Yəni, bu məsələni qabartmaq lazım deyil. Futbol dəyişib, kiməsə rahat qalib gələ bilməzsən.

Millətlər Liqasında format dəyişir. Burada nəticələr artıq önəmsiz olacaq. Biz bu görüşlərə gələcək üçün baxmalıyıq. İstedadlı futbolçuları üzə çıxarmalıyıq. Onları növbəti turnirdə daha çox mübarizəyə cəlb etmək lazımdır. Yeni formatda 8 komanda olacaq və bu tirnirə yaxşı köklənməliyik”.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью