Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Ötən bazar günü 8-ci kilometr qəsəbə stadionunda UEFA Millətlər Liqası turniri çərçivəsində Azərbaycan milli komandasının D2 qrupunda Litva kollektivi üzərində qələbəsi (1:0) meydan sahiblərinin əzmkar mübarizəsinin bəhrəsi kimi yadda qalacaq.
Portuqaliyalı hakimlər briqadasının idarə etdiyi oyunun 25-ci dəqiqəsində 25 yaşlı yarımmüdafiəçimiz Abdulla Xaybullayevin vurduğu və hadisələrin sonrakı gedişinin göstərdiyi kimi, görüşün taleyini həll edən qol komandamıza turnir cədvəlində lider mövqeyinə yüksəlmək imkanı verdi. Amma onun finişə həmin mövqedə çata bilib-bilməyəcəyi noyabrın 13-də Lixtenşteynin paytaxtı Vaduts şəhərində bu ölkənin yığmasına qarşı ikinci dövrə matçından sonra məlum olacaq.
Millimizin futbolçularının ustalığı hələ böyük qələbələrin tələb etdiyi səviyyədə olmasa da, Baltikyanı ölkədən olan rəqiblə prinsipial qarşılaşmada nümayiş etdirilən fəal mübarizə pis təsir bağışlamadı. Hiss olunurdu ki, meydana çıxmaq imkanı qazanan oyunçuların hər biri baş məşqçi Ayxan Abbasovun etimadını doğrultmağa çalışır, heç kim ustalığının çatışmazlığının əvəzini əzmkar oyunla çıxmaq üçün qüvvəsini əsirgəmir.
Litva ilə qarşılaşmadan sonra belə bir qənaətə də gəlmək olar ki, qapıçı Emil Balayev, müdafiəçi Bədavi Hüseynov, hücumçu Mahir Emreli kimi təcrübəli futbolçuları olan komanda tədricən öz oyununu daha da yaxşılaşdırıb, təkcə Millətlər Liqasının D qrupunun qalibi olmaq üçün yox, daha yüksək məqsədlər uğrunda mübarizə apara bilər. Belə deyərkən Bəhlul Mustafazadə ilə Elvin Cəfərquliyevin tezliklə zədələrini sağaldıb, heyətdə öz yerlərini tuta biləcəklərini də nəzərə alırıq.
İki gün əvvəlki qələbədən sonra Azərbaycan milli komandasının Lixteynşteynə növbəti səfərinin əhəmiyyəti daha da artmışdır. Yığmamız bu dəfə səfərə 5 xalla qrupun vahid lideri kimi yola düşəcək və birincilik uğrunda mübarizədə əsas rəqibi Litvadan 1 xal irəlidədir. Lakin Vaduts görüşündən sonra da yekun cədvəlində birinci mövqedə qalmaq üçün Lixteynşteynlə səfərdən qələbə ilə qayıtmaq lazımdır. Komanda 2009-cu il oktyabrın 10-da Dünya çempionatının seçmə matçında bunu bacarmış, Vaqif Cavadov və Elvin Məmmədovun iki cavabsız qolu sayəsində rəqib meydanında qələbə qazanmışdı (2:0). İndi necə olacağını isə 1 ay 1 həftədən sonra biləcəyik.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist