Futbol tarixinin sürpriz çempionları

18.10.2026

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Futbol sadəcə favorirlərin qələbələrindən ibarət deyil. Bu oyunun ən böyük cazibəsi proqnozlaşdırıla bilməməsində, autsayderlərin böyük nəhəngləri diz çökdürməsindədir. Futbol tarixində elə çempionluqlar var ki, onlar idmanın sərhədlərini aşaraq əsl nağıla çevrilib.

“Yeni Sabah” futbol tarixinin ən böyük sürpriz çempionluqlarını təqdim edir:

Lesster Siti – Premyer Liqa (2015/2016) Pepperoni pizza

İngiltərə futbolu tarixinin, bəlkə də dünya idmanının ən böyük möcüzəsi. Mövsümün əvvəlində bu komandanın çempionluğuna 1-in 5000-ə nisbətində əmsal verilmişdi. Məqsədi yalnız liqada qalmaq olan Kludio Ranyerinin komandası cəmi iki il əvvəl II divizionda mübarizə aparırdı.

Ceymi Vardi, Riyad Mahrez və N'Qolo Kante kimi az tanınan futbolçuların parladağı bu mövsümdə "tülkülər" "Mançester Siti", "Çelsi", "Arsenal" və "Mançester Yunayted" kimi nəhəngləri geridə qoyaraq Premyer Liqanın kubokunu başı üzərinə qaldırdı.

Yunanıstan – Avropa Çempionatı (2004)

EURO 2004 turnirindən əvvəl heç kim Almaniyalı mütəxəssis Otto Rehhagelin yetirmələrinə şans vermirdi. Intizamlı və müdafiəyə söykənən taktikası ilə seçilən Yunanıstan millisi mərhələ-mərhələ irəliləyərək bütün dünyanı təəccübləndirdi.

Pley-off mərhələsində Fransa və Çexiyanı minimalist 1:0 hesabları ilə sıradan çıxaran yunanlar, finalda doğma azarkeşləri qarşısında oynayan və heyətində Krishtiano Ronaldo, Luish Fiqu kimi ulduzlar olan Portuqaliyanı təkrar 1:0 hesabı ilə məğlub edərək Avropa çempionu oldu.

Danimarka – Avropa Çempionatı (1992)

Danimarka millisi EURO 1992-yə vəsiqə qazana bilməmişdi. Lakin turnirin başlamasına cəmi bir neçə gün qalmış Yuqoslaviya daxili müharibə səbəbindən yarışdan kənarlaşdırıldı və onların yerinə Danimarka dəvət edildi. Futbolçuların bir çoxu artıq məzuniyyətdə idi və çimərliklərdən toplanaraq İsveçə yola düşdülər.

Hər hansı ciddi hazırlıq keçməmələrinə baxmayaraq, Maykl Laudrupsuz (komanda ilə münaqişədə idi) meydana çıxan Danimarka yarımfinalda Niderlandı, finalda isə son Dünya çempionu Almaniyanı 2:0 hesabı ilə üstələyərək əfsanəvi bir zəfərə imza atdı.

Kayzerslautern – Bundesliqa (1997/1998)

Almaniya futbolunda analoqu olmayan bir nailiyyət. Otto Rehhagelin rəhbərlik etdiyi "Kayzerslautern" 1996/1997 mövsümündə II Bundesliqanın qalibi olaraq elite qayıtmışdı.

Növbəti mövsüm ilk oyundaca "Bavariya"nı məğlub edən komanda mövsüm boyunca tempi aşağı salmadı. Yeni yüksəldiyi liqada elə ilk ildəcə çempionluq qazanan "Kayzerslautern", Almaniya futbol tarixində bu nailiyyətə imza atan ilk və yeganə klub oldu.

Monpelye – Liqa 1 (2011/2012)

Qətər İnvestisiya Fondu tərəfindən satın alınan və heyətinə milyonlarla avroluq ulduzlar qatan "PSJ" mövsümün açıq-aşkar favoriti sayılırdı. Lakin cüzi büdcəyə malik "Monpelye" bütün hesablamaları alt-üst etdi.

Olivye Jirunun hücum xəttində parladığı komanda mövsümü 82 xalla başa vuraraq zəngin Paris klubunu kölgədə qoydu və klub tarixinin ilk və hələ ki, yeganə Fransa çempionluğunu qazandı.

Portu – Çempionlar Liqası (2003/2004)

Müasir futbolda Avropanın top-5 liqalarından kənar bir klubun Çempionlar Liqasını qazanması demək olar ki, imkansız görünür. Lakin 2003/2004 mövsümündə gənc və iddialı məşqçi Joze Mourinyo bu imkansızı gerçəkləşdirdi.

Səkkizdəbir finalda "Mançester Yunayted"i turnirdən kənarlaşdıran "Portu", ardınca "Lion" və "Deportivo"nu üstələdi. Qelzenkirxendə keçirilən finalda isə "Monako"nu 3:0 hesabı ilə darmadağın edən Portuqaliya təmsilçisi Avropanın ən böyük kubokunu muzeyinə apardı.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью