Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Qəbələ”nin baş məşqçisi Yeton Bekiri Misli Premyer Liqasının 13-cü turu çərçivəsində "Şamaxı"ya məğlub olduqları matç (0:2) barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
"İlk növbədə, “Şamaxı”nı qələbə münasibətilə təbrik edirəm. Bu gün bir neçə kobud səhvə yol verdik və bununla da rəqibə qol imkanları hədiyyə etdik. İkinci hissənin əvvəlində qapıçımız qırmızı vərəqə aldı. Belə ciddi çempionatda bir nəfər azlıqda oynamaq çox çətindir. Nəticədə daha bir qol buraxdıq".
- Meydanda bir-birinə yaxın səviyyəli iki komanda mübarizə aparırdı. Bəs məğlubiyyətin səbəbi nə oldu?
- Futbolda belə səhvlər olur. Çalışırıq ki, bu cür hallara yol verməyək. İlk hissədə bir neçə qol imkanımız var idi. Oyunun sonlarına yaxın da fürsətlər əldə etdik. Ancaq ikinci hissənin əvvəlində qırmızı vərəqə almağımız vəziyyətimizi çətinləşdirdi.
- Komanda daxilində futbolçularla hər hansı narazılıq yaşanır? Bəzi oyunçular əvəzləndikdən sonra birbaşa paltardəyişmə otağına getdilər...
- Xeyr, futbolçularla heç bir problemimiz yoxdur. Sadəcə, belə məğlubiyyətdən sonra onlar da əsəbi olurlar. Dediyiniz məqamlara diqqət etməmişəm. Hər halda, futbolçu əvəzlənərkən mütləq gəlib mənimlə görüşməli deyil. Bu, mənim üçün vacib məsələ deyil.
- Azərbaycan kubokunda 1-ci Liqanın lideri ilə qarşılaşacaqsınız. Həmin matçda əsas hədəfiniz nədir?
- Təbii ki, kubok oyununa maksimum dərəcədə hazırlaşacağıq və qələbə qazanmaq istəyirik. Qısa müddətdə bir neçə matç keçirəcəyik. Digər tərəfdən, ardıcıl dörd oyunumuzun hamısının səfərdə olması da bəxtsizlikdir. “Zirə”, “Şəfa”, “Şamaxı” ilə oynadıq, indi isə “İmişli” ilə qarşılaşacağıq. Bunu bəhanə kimi demirəm. Hər oyuna qələbə qazanmaq üçün çıxmalıyıq.