“Futbolçular meydanda 120 faiz əzmkarlıq göstərməlidirlər”

13.11.2025

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində bu gün İslandiyanı qəbul edəcək. 8-ci km stadionunda baş tutacaq görüşə saat 21:00-da start veriləcək.

Milli komandanın sabiq məşqçisi Arif Əsədov “Futbolpress.az“a açıqlamasında oyundan gözləntiləri bölüşdü:

“Millini çətin və məsuliyyətli oyun gözləyir. Evdə son iki oyunumuzdur. İslandiyaya ilk oyunda uduzmuşuq. Amma milli bundan sonra keçirdiyi iki matçda göstərdi ki, dəhyişiklik var. Məğlubiyyətlə olsa da, yığmada işıq görünür. Bugünkü oyundan xal götürmək olar. Düzdür, asan olmayacaq. Rəqibin keyfiyyətli heyəti var. Buna baxmayaraq, evdə oynayırıq və qalib gəlmək gücündəyik”.

Mütəxəssis heyətdəki itkilərə toxundu. Onun sözlərinə görə, komanda qələbə üçün əzmkarlıq göstərməli, daha çox güc sərf etməlidir:

“Heyətdə itkilər var. Elvin Cəfərquliyev və Mahir Emrelinin yoxluğu böyük itkidir. Amma komandadakı əzmkarlıq bizə qələbə gətirə bilər. Məşqçilər korpusu futbolçuların durumunu daha yaxşı bilir. Mahirin olmaması itkidir. Amma Renat da klubunda son matçlarda şans qazanıb. Eyni zamanda Nəriman Axundzadə də var. Məşqçilər korpusu məncə, artıq taktika ilə bağlı qərarını verib. 5-4-1 və 3-5-2 sistemi ilə oynamaq olar. Abbasov seçimini edəcək. İndi nəsə demək çətindir. Sistemdən asılı olmayaraq, futbolçular meydanda 120 faiz əzmkarlıq, mübarizlik göstərməlidirk ki, qalib gələk”.

Əsədov ilk oyundakı 0:5 hesablı darmadağının bugünkü matça təsirinə toxundu:

“Qələbə İslandiyaya daha çox lazımdır. Qrupda ikinci yer üçün mübarizə aparırlar. Bakıda itirəcəkləri xal onlara çətinlik yaşada bilər. İlk məğlubiyyət bizim oyunçuları daha əzmkar etməlidir. Göstərməliyik ki, təsadüfi nəticə idi. Ona görə bu oyuna daha ciddi yanaşıb, qələbə qazanmaq lazımdır”.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью