futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan yığması UEFA Millətlər Liqasında III turda Lixtenşteynlə heç-heçə edib – 0:0.
Millinin sabiq futbolçusu Novruz Əzimov oyunla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Aşkar favorit olduğumuz matçda qələbə qazana bilmədik. Fikirləriniz nədir?
– Nə deyim? Lixtenşteyni nə olursa-olsun məğlub etməliydik.
– Nəticənin günahkarı kimdir?
– Futbolçular milli məsuliyyəti dərk etmir, geyindikləri formanın ağırlığını başa düşmürlər. Görünür, komanda hələ oturuşmayıb, vaxt lazımdır ki, bir-birilərini başa düşsünlər.
– Ayxan Abbasov ən çox tənqid edilən addır. Sizcə, problem baş məşqçidədir?
– Ayxan nə etsin? Onun tənqid olunmasını düzgün hesab etmirəm. Üzərinə düşən işi görür. Məsələ futbolçulardadır. 26 zərbədən birinin qol olmamasına baş məşqçi nə etsin?
– Son iki oyunda cəmi bir qol vurmuşuq. Təcrübəli mütəxəssisiniz, millidə çatışmayan nədir?
– Komanda formalaşmayıb, oyunçular arasında anlaşma yoxdur. Üstəlik, futbolçuların praktikası azdır. Onlar klublarında çox oynamalıdır. Dünən meydanda da gördük, çoxu formasında deyil. Klubda 10-15 dəqiqə oynayan gəlib yığmada nə edəcək?
– Bəs nə etmək lazımdır?
– Bilirsiniz, bizim komanda milli deyil, yığmadır. Milli olmağımıza çox var. Nə zaman ki, futbolçular məsuliyyəti başa düşəcək, birlik olacaq, onda hə, nəticələr də düzələcək. İndi oyunçular formanın ağırlığını anlamırlar. Yerli oyunçuların böyük əksəriyyəti klublarında kifayət qədər şans qazanmır. Rəqabət aparmalı, daha çox oynamalıdırlar.
– Bu heç-heçə Litva ilə oyuna necə təsir edəcək?
– Doğrudur psixoloji təsirlər ola bilər. Amma indi vəziyyəti düzəltmək məşqçilərin işidir. Bilirsiniz, bir qələbə ilə nəsə dəyişmir. Gərək iş görülsün, futbolçular klublarında oynamağa can atsın. Forma uğrunda döyüşsünlər. Yoxsa təsadüfi bir qələbədən sonra yenə eyni mənzərə olacaq.
Şahin Cəfərov