“Futbolçuların haqqı yeyildi” Yunis Hüseynov

21.04.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Zirə” – “Turan Tovuz” oyunundan (0:0) sonra qonaq komandanın məşqçisi Yunis Hüseynov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Hər iki komanda finala yüksəlmək istəyirdi. Bu gün daha üstün oynayan tərəf biz idik. İlk oyunda haqqımızı yedilər. Məncə, finala biz çıxmalı idik. Ötən matçdakı səhvlərə görə yarımfinalda dayandıq. Bu gün də qolumuzu ləğv etdilər. Bilmirəm, niyə həmişə biz qol vurulanda VAR-a baxılır? Futbolçuların haqqı yeyildi. Finala layiq biz idik.

– Geridönüş üçün daha effektiv oyun gözlənilirdi. Bu gün epizodlara da çox girə bilmədiniz. Oyun alınmadı, ya ilk matçdakı psixoloji zərbənin təsiri var idi?
– Psixoloji təsirlər var idi, danmıram. Ötən oyunda iki penalti, rəqibin oyunçusuna qırmızı vərəqə verilmədi. Bugünkü matça da pis hazırlaşmamışdıq. “Zirə”nin 2:0 üstünlüyü var idi və müdafiədə qalıb, əks-hücumlara köklənmişdilər. Yenə də pis təsir bağışlamadıq. İlk hissədə qol vursaydıq, ardı gələcəkdi. Birinci yarıda imkanlardan istifadə etsəydik, fərqli alınardı. Bu gün “Zirə” ancaq müdafiə olundu.

– Bugünkü oyunun idarəçiliyindən razı qaldınız?
– Narazı deyiləm, amma qol epizoduna baxmamışam. VAR-a baxıb, qolumuzu sildilər. Amma məncə, qol təmiz idi.

– Mövsümün əvvəlində klub rəhbəri Ehtiram Quliyev bildirmişdi ki, hədəf kubokdur. Yarımfinalda dayandınız. İndi çempionatda ikinciliyə yüksəlməyi hədəfləyirsiniz?
– İstəyirdik ki, titul qazanaq, olmadı. Çempionatda çətin oyunlarımız var. Qarşıdakı matçlarda qələbə qazanmaq istəyirik. İnşallah, yaxşı yerlərdən birini tutacağıq.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью