Icma.az, Konkret.az saytına istinadən bildirir.
17 Oktyabr – Füzuli Şəhəri Günüdür.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev sosial şəbəkə hesablarında bu münasibətlə Füzulinin müasir və canlı şəhər mühitini əks etdirən video paylaşıb, bütün xalqımızı təbrik edib.
2020-ci ildə işğaldan azad edilmiş Füzuli bu gün müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur və “Böyük Qayıdış”ın mühüm rəmzlərindən birinə çevrilir.
“Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı”na əsasən, şəhərin ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə, yaşayış fondunun isə 1,52 milyon kvadratmetrə çatdırılması nəzərdə tutulur. Burada yaşayış məhəllələri, ictimai məkanlar, sosial və nəqliyyat infrastrukturu vahid şəhərsalma konsepsiyası əsasında formalaşdırılır.
Bu günədək Füzuli şəhərinə 3153 nəfər (827 ailə) qayıdıb. Yaşayış komplekslərinin tikintisi ilə yanaşı, sosial infrastruktur da inkişaf etdirilir. Şəhərdə özbək xalqının hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına tam orta məktəb, 240 yerlik uşaq bağçası və qazax xalqının hədiyyəsi olan, 600 uşaq üçün nəzərdə tutulmuş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi istifadəyə verilib.
Nəqliyyat infrastrukturunun inkişafı istiqamətində də mühüm layihələr həyata keçirilib. Cəmi 8 ay ərzində uçuşları qəbul etməyə hazır vəziyyətə gətirilən Füzuli Beynəlxalq Hava Limanı regionun strateji nəqliyyat obyektlərindən birinə çevrilib. Uzunluğu 101 km olan Zəfər yolu, 81,7 km-lik Əhmədbəyli–Füzuli–Şuşa və 12,3 km-lik Füzuli–Hadrut avtomobil yolları inşa edilərək Füzulinin Qarabağın digər şəhər və rayonları ilə nəqliyyat əlaqələrini gücləndirir, regional infrastrukturun inkişafına töhfə verir.
Rayonun su təsərrüfatı infrastrukturu da bərpa olunur. Ümumi tutumu 15,5 milyon kubmetr olan üç su anbarından ibarət Köndələnçay su anbarları kompleksi 6200 hektar kənd təsərrüfatı torpağının suvarılmasına imkan yaradır. Bununla yanaşı, Füzuli rayonunun kəndlərində də yaşayış evlərinin və müasir infrastrukturun tikintisi davam etdirilir.
Füzulinin müasir şəhərsalma prinsipləri əsasında dirçəlişi sakinlərə rahat həyat şəraiti bəxş etməklə, onların doğma yurdda dayanıqlı məskunlaşmasını təmin edir.
https://konkret.az/cloud/uploads/2026/10/VID-20261017-WA0027.mp4