Bakupost saytına istinadən Icma.az xəbər verir.
Bu gün Azərbaycanın Əməkdar artisti, bir çoxlarımızın “İkinci səs”, “Yad qızı”, “Sənsiz” televiziya tamaşalarından tanıdığı və sevdiyi aktyor Füzuli Hüseynovun doğum günüdür.
Sənətkarın 64 yaşı tamam olur.
“Bakupost” bu münasibətlə onun həyat və yaradıcılığı haqqında məlumatları təqdim edir:
Füzuli İsmət oğlu Hüseynov 9 sentyabr 1962-ci ildə Balakən rayonunun Qazma kəndində dünyaya göz açıb.
1984-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsini bitirib.
Füzuli Hüseynov 1987-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. O, teatr səhnəsində Adil (“Yayda qartopu oyunu”, V.Səmədoğlu), Ayaz Turan, Samir, Şeyx Xiyabani (“Sevgililərin cəhənnəmdə vüsalı”, “Bizim qəribə taleyimiz”, “Şeyx Xiyabani”, İ. Əfəndiyev), Viktor (“Qadın faciəsi”, F.Q.Lorka), Zaur (“Təhminə və Zaur”, Anar), Şamil (“Yalan”, S.Rəhman), Səfər (“Gecə döyülən qapılar”, N.Xəzri) kimi kimi yaddaqalan obrazlar yaradaraq tamaşaçı rəğbətini qazanıb.
Akademik Milli Dram Teatrdakı fəaliyyəti ilə yanaşı, Azərbaycan Televiziyasında hazırlanan bir sıra teleseriallarda da müxtəlif obrazları canlandırıb. O, klassik milli, türk və dünya dramaturgiyasının nümunələri əsasında hazırlanan “Yad qızı”, “Kamança”, “Ortabab amerikalı qadın”, “Dədə Qorqud”, “Sonuncu şahid”, “Kimdir haqlı?” və başqa tamaşalarda maraqlı obrazlar qalereyası, dolğun xarakterlər yaradıb və ən başlıcası, yaradıcılıq imkanlarının çoxşaxəli olduğunu göstərib.
F.Hüseynov “Azərbaycanfilm”in istehsal etdiyi bir neçə filmdə də rol alıb.
“Təhminə”də Spartak, “Bəyin oğurlanması”da Elxan, “Ölülər”də Mirzə Cəlil, “Müqəddəs odda yanaram”da Yazıçı və s. kimi obrazlar aktyorun yaradıcılıq imkanlarının geniş diapazonunu bir daha təsdiqləyir.
Bir müddət F.Hüseynov teatrdan ayrı düşüb, lakin 2004-cü ilin aprel ayında yenidən doğma Akademik Milli Dram Teatrına qayıdıb.
Bundan sonra Yusif və Antoni (“Misir gecələri”, M.S.Ordubadi, V.Şekspir və N.Hikmət), Nils Kroqstad (“Oyuncaq ev”, H.İbsen), Füzuli (“Füzuli və Əsmər”, M.M.Seyidzadə), Qabil (“Sevən qadın”, Ə.Əmirli), Kişi (“Teleskop”, Elçin), Viktor Çermetov (“Sinif yoldaşları”, Y.Polyakov), Tərlan (“Sənsiz”, Ş.Qurbanov), Knyaz Sisianov (“Baş”, Elçin) və s. obrazlar yaradıb.
Füzuli Hüseynov 2009-cu ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.
Lalə, BakuPost