Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
“Oyunun ağır keçəcəyini öncədən bilirdik. Rəqib turnir cədvəlinin son pilləsində qərarlaşsa da, güclü komandadır. Çünki heyətlərində təcrübəli futbolçuların sayı çoxdur. Bundan başqa, meydan amilinin də bizə əlavə problem yaradacağının fərqindəydik. Meydan həqiqətən bərbad vəziyyətdədir. Orada futbol oynamaq mümkün deyil”.
Bu sözləri Birinci Liqanın doqquzuncu turunda səfərdə autsayder “Baku Sportinq”i 1:0 hesabı ilə məğlub edən lider “Şahdağ Qusar”ın baş məşqçisi Füzuli Məmmədov görüşü şərh edərkən deyib.
Qusar təmsilçisinin çalışdırıcısı qələbənin əhəmiyyətindən, komandanın nümayiş etdirdiyi xarakterdən və təbriklərindən söz açıb.
“Şükürlər olsun ki, qalib gəldik. Bu qələbə bizə çox vacib idi. Uşaqlar xarakter göstərdilər, sonadək mübarizə apardılar. Futbolçularımı, azarkeşlərimizi, hər zaman yanımızda olan rəhbərliyi, bizdən diqqətini əsirgəməyən prezidentimiz Samir Xeyirbəyovu təbrik edirəm. Bizim uğurumuza sevinənləri sevindirmək üçün çalışırıq”, - deyə o fanat.az-a açıqlamasında vurğulayıb.