Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Kulis.az Cavanşir Yusiflinin yeni yazısını təqdim edir.
Füzuli və müasir poeziya haqqında birbaşa nəsə demək mümkündürmü?
Klassik və müasir, modern şeir fərqli anlayışlardır, ikisinin də konteksti poeziya olsa da.
Klassik mətn, poeziya mətnləri bir şairin yaradıcılığı etibarı ilə müasir şeir üçün kontekst rolunu oynayır, yaxud oynaya bilir (-!) nə yazırsan-yaz, ordan sürüşüb başqa bir cığıra keçmək mümkün deyil (bu cığırda da ciddi şəkildə duruş gətirmək çətindir...), hətta formanın ən ultramüasir növündən istifadə etdikdə o kontekstə daha sıx sarılırsan.
(Klassikanı: Füzuli, Xaqani, Nəsimi, Nizami, Sarı Aşıq, Nəbati, Ələsgər, Seyid Əzim, Qurbani, Xəstə Qasım...
kimi şairlərin mətnlərini daim mütaliə edən gənc yazıçı həmişə ən dərin səviyyələrdə olmağı arzular...).
Bu məsələnin qoyuluşu necə olmalıdır? Əlbəttə, yanaşmanın metodu düzgün işlənməlidir.
Yoxsa, Bəxtiyar Vahabzadə "Şəbi-Hicran" poemasını, Əli Kərim "Füzuliyə", Rəsul Rza "Füzuli" poemasını (Gecə-gündüz yazıb, pozduğum sözlər//sanki gül-çiçəkdir, bir uşaq yolub...), Məmməd Araz "Səba yeli" və sair şeirlərini yazıb deyə, onların mətnlərində birbaşa, yaxud dolayı təsirdən necə bəhs edə bilərik?