Füzulidə aqrar monitorinq

19.09.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Füzuli rayonunda aqrar sektorun inkişafı, istehsal imkanlarının genişləndirilməsi və təsərrüfat subyektlərinin fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində görülən işlərlə bağlı monitorinq keçirilib.

Monitorinqdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Qiyas Yusifov, Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq və balıqçılıq siyasəti şöbəsinin müdiri Bayandur Rzayev, eləcə də Dövlət Proqramından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə yaradılmış rayon qərargahının üzvləri iştirak ediblər.

Monitorinq zamanı rayon ərazisində fəaliyyət göstərən 9 fermer təsərrüfatı və sahibkarlıq subyektinə baxış keçirilib. Ərazilərdə görülən işlərin gedişatı, mövcud istehsal imkanları və fəaliyyətin təşkili ilə bağlı məsələlər nəzərdən keçirilib, təsərrüfat subyektlərinin qarşılaşdıqları çətinliklər və onların həlli imkanları barədə fikir mübadiləsi aparılıb.

Daha sonra Füzuli Rayon İcra Hakimiyyətinin inzibati binasında fermerlər, sahibkarlar və müvafiq Qərargahın üzvlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə kənd təsərrüfatı sahəsində mövcud vəziyyət, Dövlət Proqramından irəli gələn vəzifələr, təsərrüfat subyektlərinin fəaliyyətinin genişləndirilməsi, istehsal imkanlarından səmərəli istifadə və qarşıda duran məsələlər ətrafında müzakirələr aparılıb.

Toplantı iştirakçıları kənd təsərrüfatının inkişafı, mövcud potensialdan səmərəli istifadə, təsərrüfat subyektlərinin fəaliyyətinin genişləndirilməsi və qarşıya çıxan məsələlərin həlli istiqamətində görüləcək işlər barədə fikirlərini bildiriblər. Görüş zamanı, həmçinin fermer və sahibkarların müraciətləri, təklifləri və qarşılaşdıqları problemlər dinlənilib. Səsləndirilən məsələlərin aidiyyəti üzrə araşdırılması, mümkün problemlərin yerli səviyyədə həllinə şərait yaradılması, əlavə araşdırma və ya digər dövlət qurumlarının səlahiyyətinə aid olan məsələlərin isə müvafiq qaydada aidiyyəti üzrə təqdim olunması ilə bağlı tədbirlər müəyyənləşdirilib.

Təsərrüfat subyektlərinin fəaliyyətində infrastruktur, suvarma və digər istehsal məsələləri ilə bağlı yaranan çətinliklərin diqqətdə saxlanılmasının, görülən işlərin nəticələrinin mütəmadi izlənilməsinin və müəyyən edilmiş tədbirlərin icrasının əlaqələndirilməsinin əhəmiyyəti qeyd olunub.

Fermer və sahibkarlar dövlət tərəfindən kənd təsərrüfatının inkişafına göstərilən dəstəyi yüksək qiymətləndirib, səsləndirdikləri məsələlərin diqqətdə saxlanılmasına görə minnətdarlıqlarını ifadə ediblər. Onlar təsərrüfatlarında bol məhsul yetişdirməklə ölkənin aqrar sektorunun inkişafına mühüm töhfələr verəcəklərini əminliklə vurğulayıblar.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri
Füzuli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью