Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukraynada siyasi gərginlik yeni mərhələyə keçir. Müdafiə naziri vəzifəsindən uzaqlaşdırılması ölkə miqyasında prezident Volodimir Zelenskiyə qarşı etirazlara səbəb olan Mixaylo Fyodorov müharibənin davam etməsinə baxmayaraq, Ukraynada seçkilərin keçirilməsini tələb edib.
Hurriyyet.media xəbər verir ki, bu barədə “Politico”da yazı dərc olunub.
Ötən ay hökumətdə aparılan mübahisəli kadr dəyişiklikləri zamanı Zelenski döyüş meydanında texnoloji yeniliklərin tətbiqinə verdiyi töhfələrlə tanınan və ölkədə populyar siyasətçilərdən sayılan Fedorovu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb. “Politico” qeyd edir ki, qərar Ukraynada geniş etirazlara səbəb olub və Zelenski üzərində daxili siyasi təzyiqi artırıb.
Fyodorov çərşənbə axşamı axşam yaydığı videomüraciətdə hökumətin qərarvermə prosesində şəffaflıq probleminə toxunub: “İnsanlar müəyyən qərarların niyə qəbul edildiyini anlamadıqları şəraitdə sonsuzadək yaşaya bilməzlər”.
“Putinə ukraynalıların öz hakimiyyətlərini nə vaxt seçə biləcəyini müəyyənləşdirməyə imkan verməməliyik”, - deyə keçmiş müdafiə naziri daha sonra birbaşa seçkilər məsələsini gündəmə gətirib
Onun fikrincə, hazırda bunun qarşısında ciddi hüquqi maneə var. Ukrayna qanunvericiliyinə əsasən, hərbi vəziyyət qüvvədə olduğu müddətdə seçkilərin keçirilməsinə yol verilmir. Ölkədə hərbi vəziyyət Rusiyanın 2022-ci ilin fevralında genişmiqyaslı işğala başlamasından bəri davam edir.
Fyodorov özü də müharibə şəraitində seçki keçirməyin son dərəcə mürəkkəb olacağını etiraf edib. Onun fikrincə, mümkün seçkilərdə cəbhədə döyüşən hərbçilərin, xaricdə yaşayan milyonlarla ukraynalının və cəbhəyanı ərazilərdəki vətəndaşların səsvermə hüququnun necə təmin ediləcəyi əvvəlcədən həll edilməlidir.
“Politico” başqa ciddi təhlükəyə də diqqət çəkir: seçkilər keçiriləcəyi halda Rusiyanın prosesə müdaxilə cəhdləri.
Sayt ekspertlərinin fikrincə, Kreml Ukrayna seçkilərini hərbi yolla əldə edə bilmədiyi nəticələrə siyasi vasitələrlə nail olmaq üçün fürsət kimi görə bilər.
Rusiya Prezidenti Vladimir Putin və Moskvaya yaxın siyasətçilər uzun müddətdir Zelenskinin hakimiyyətinin legitimliyini şübhə altına almağa çalışırlar. Zelenski 2019-cu ildə böyük səs çoxluğu ilə prezident seçilib, lakin genişmiqyaslı müharibənin başlanmasından sonra ölkədə yeni prezident seçkiləri keçirilməyib.
Zelenskiyə seçkilərlə bağlı təzyiq yalnız ölkə daxilindən gəlmir. “Politico” xatırladır ki, ABŞ prezidenti Donald Tramp da daxil olmaqla bəzi xarici liderlər Ukraynada seçkilərin keçirilməsi məsələsini qaldırıblar.
Zelenski isə indiyədək müharibə şəraitində seçkinin mümkün olmadığını bildirib. Bu ilin fevralında o, atəşkəs müqabilində seçkilərin keçirilməsinə razı ola biləcəyini açıqlamışdı. Lakin döyüşlər davam edib.
Məqalədə Zelenskinin siyasi vəziyyətinin əvvəlki illərlə müqayisədə dəyişdiyinə də diqqət çəkilir. Müharibənin ilk illərində ölkənin əsas birləşdirici siyasi simasına çevrilən prezidentin populyarlığının son bir ildə korrupsiya ittihamları və hökumətin şəffaflığı ilə bağlı narazılıqlar fonunda zəifləməyə başladığı bildirilir.
Zelenskinin vəziyyətini ağırlaşdıran hadisələrdən biri onun uzun illər ən yaxın adamlarından olmuş Prezident Ofisinin keçmiş rəhbəri Andriy Yermakın may ayında korrupsiya ittihamları ilə həbs edilməsi olub. Yermak ittihamları rədd edir. “Politico” Zelenskinin hələ hökumət dəyişikliyindən əvvəl yaxın siyasi çevrəsində mühüm fiqurları itirməsi nəticəsində daha təcrid olunmuş görünməyə başladığını yazır.
Bununla belə, mümkün seçki kampaniyasında Zelenskinin əlində mühüm siyasi arqument də olacaq: Ukraynanın Avropa İttifaqına üzvlük istiqamətində əldə etdiyi irəliləyiş. Avropa inteqrasiyası ölkənin müharibədən sonrakı gələcəyi üçün əsas strateji hədəflərdən biri hesab edilir.
Ancaq “Politico” başqa bir sualın da açıq qaldığını vurğulayır: seçkilər keçirilsə, Zelenski ümumiyyətlə yenidən prezidentliyə namizəd olacaqmı?
Fyodorovun çıxışı isə Ukrayna siyasətində yeni mərhələnin əlaməti kimi görünür. Müharibə başlayandan sonra uzun müddət ikinci plana keçmiş seçki və hakimiyyətin demokratik legitimliyi məsələsi artıq Zelenski hökumətinin daxilindən çıxmış nüfuzlu bir siyasətçi tərəfindən açıq şəkildə gündəmə gətirilib.