Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gəncə, 30 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) 2 fevral – Gənclər Günü münasibətilə Universitetin Tədris məsələləri üzrə prorektorluğunun təşkilatçılığı ilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva gəncləri qarşıdan gələn bayram münasibətilə təbrik edərək, onlara şəxsi həyatlarında, eləcə də dərslərində uğurlar arzulayıb.
Universitetin Elm və İnnovasiyalar üzrə prorektoru, deputat Pərvin Kərimzadə Gənclər Gününün yaranmasından və dövlətimizin gənclər siyasətindən danışıb. Qeyd edib ki, Gənclər Günü təkcə gənclərin deyil, həm də cəmiyyətimizin həyatında vacib gündür.
Tədbirdə çıxış edən universitetin Tədris məsələləri üzrə prorektoru İsfəndiyar Alverdiyev bildirib ki, təməlini Ulu Öndər Heydər Əliyevin qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və gənclərimizdə böyük ruh yüksəkliyi, işıqlı sabahımıza dərin inam yaradır.
Digər çıxış edənlər də Azərbaycanda həyata keçirilən gənclər siyasətindən, gənc nəslin inkişafından, bilik və bacarıqlarının artırılmasından danışıblar.
Tələbə Elmi Cəmiyyətinin sədri Lalə Ələkbərova çıxış edərək, gələcəkdə gənclərin həyata keçirəcəyi uğurlu layihələrdən danışıb, bir sıra təkliflər verib.
İsfəndiyar Alverdiyev verilən təklifləri yüksək qiymətləndirib. Bu təkliflərin həyata keçiriləcəyi üçün mühüm addımların atılacağını qeyd edib.
Sonda suallar cavablandırılıb.