Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Gəncə, 12 noyabr, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) uşaq hüquqlarının müdafiəsi, uşaqların sosial rifahının təmin edilməsi və ictimai maarifləndirmənin gücləndirilməsi məqsədilə “Uşaq hüquqları” mövzusunda tədbir təşkil olunub.
GDU-dan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxışında uşaq hüquqlarının qorunmasının cəmiyyətin əsas sosial və humanitar vəzifələrindən biri olduğunu bildirib. O, uşaqların hüquqlarının təmin edilməsinin sağlam nəslin yetişdirilməsi və cəmiyyətin gələcəyinin formalaşması baxımından əhəmiyyətini vurğulayıb. Həmçinin Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə bu sahədə həyata keçirilən tədbirlərdən bəhs edib.
Elm və innovasiyalar üzrə prorektor, deputat Pərvin Kərimzadə uşaqların hüquqi maarifləndirilməsinin, milli-mənəvi dəyərlər ruhunda, vətənpərvər və məsuliyyətli vətəndaş kimi yetişdirilməsinin vacibliyini qeyd edib. O, uşaqların hərtərəfli inkişafında dövlətin, ailənin və cəmiyyətin birgə fəaliyyətinin əhəmiyyətinə diqqət çəkib.
GDU Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova isə uşaqların hüquq və azadlıqlarının təmin olunması, sosial müdafiəsinin gücləndirilməsi, təhsil və səhiyyə xidmətlərindən bərabər yararlanması məsələlərindən danışıb.
Tədbirdə universitetin professor-müəllim heyətinin üzvləri mövzu ilə bağlı məruzələrlə çıxış ediblər. Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri Vəfa Məmmədova, dosent Güləbatın Hümbətova, Botanika kafedrasının dosenti Afaq Əliyeva, Kimya kafedrasının baş müəllimi Sevinc Zeynalova və Tədrisin təşkili və idarə olunması sektorunun müdiri Sevinc Quliyeva uşaq hüquqları, sağlam nəslin yetişdirilməsi, mənəvi tərbiyə və sosial müdafiə məsələlərinə toxunublar.
Məruzələrdə uşaqların hüquq və mənafelərinin qorunması, sağlam və təhlükəsiz mühitdə böyüməsi, keyfiyyətli təhsillə təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi və ictimai həyatda fəal iştirakının təşviqinin vacibliyi vurğulanıb.
Müxbir - Elcan Məmmədov