Gecə 7 saatdan az yatırsınız?

28.09.2026

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Yuxunu çox vaxt günün “artıq vaxtı” kimi qəbul edirik. İş, telefon, sosial şəbəkələr, serial və digər məşğuliyyətlər üçün yuxudan oğurlanan 1-2 saat isə bəzən ciddi problem kimi görünmür. Halbuki yuxunun müddəti və keyfiyyəti orqanizmin gündəlik fəaliyyətindən tutmuş uzunmüddətli sağlamlığa qədər bir sıra proseslərlə əlaqəlidir.

ABŞ Milli Səhiyyə Statistikaları Mərkəzinin 2026-cı ildə açıqladığı məlumatlara görə, 2024-cü ildə ABŞ-da böyüklərin 30,5 faizi sutkada orta hesabla 7 saatdan az yatıb. Amerika Yuxu Təbabəti Akademiyası böyüklər üçün müntəzəm olaraq ən azı 7 saat yuxu tövsiyə edir.

Bəs niyə məhz 7 saat?

Yuxu zamanı orqanizm sadəcə “istirahət etmir”. Beyin gün ərzində qəbul etdiyi məlumatları emal edir, yaddaş prosesləri davam edir, müxtəlif fizioloji sistemlərin fəaliyyəti tənzimlənir. Yuxunun çatışmazlığı isə diqqətin, reaksiya sürətinin və gündəlik fəaliyyət qabiliyyətinin zəifləməsi ilə əlaqələndirilir.

Ən böyük problem yuxunu bir neçə gün ardıcıl azaltmaqdır.

Məsələn, gecə 6 saat yatmaqla 7-8 saat yatmaq arasındakı bir saatlıq fərq ilk günlərdə ciddi hiss edilməyə bilər. Lakin bu vəziyyət davamlı xarakter aldıqda yuxu borcu formalaşır. İnsan özünü buna “öyrəşmiş” hesab edə bilər, amma subyektiv uyğunlaşma orqanizmin normal fəaliyyətə qayıtdığı anlamına gəlmir.

Yuxu çatışmazlığı ilə artıq çəki və piylənmə arasında da əlaqə müşahidə edilir. CDC-nin məlumatında zəif yuxu sağlamlığının piylənmə və depressiya kimi mənfi sağlamlıq nəticələri ilə əlaqəli olduğu qeyd olunur.

Telefon da burada ayrıca problemdir.

Yatmazdan əvvəl uzun müddət ekran qarşısında qalmaq həm insanın yuxuya getməsini gecikdirə, həm də “bir az da baxım” vərdişi ilə yuxu müddətini qısalda bilər. Xüsusilə sosial şəbəkələrdə vaxtın necə keçdiyini hiss etməmək gecə yuxusunun azalmasının ən sadə səbəblərindən biridir.

Yuxu rejimini düzəltmək üçün hər şeyi birdən dəyişmək lazım deyil. Hər gün təxminən eyni vaxtda yatmaq və oyanmaq, yatmazdan əvvəl telefonu kənara qoymaq, gecə ağır yeməkdən qaçmaq və yataq otağını sakit, qaranlıq və rahat saxlamaq daha davamlı nəticə verə bilər.

Əsas məsələ isə sadədir: yuxu işdən, əyləncədən və telefondan “qalan vaxt” deyil. Orqanizmin əsas ehtiyaclarından biridir.

AzPost.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью