Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Azərbaycanlı yoqa ustası Sahib Xudaverdiyev sosial şəbəkə hesabında qəribə paylaşım edib.
Axar.az Bakupost-a istinadla xəbər verir ki, o, dünyada qlobal proses başladığını deyib və bu səbəbdən Hindistandan Azərbaycana qayıtdığını bildirib.
“Dostlar, gecə ilə Hindistanı tərk edirəm. Düşünürəm ki, bu xəbər hələ Azərbaycana çatmayıb. Danışdığım tanışlarım da belə bir məlumatın olmadığını dedilər, amma dünyada COVID pandemiyasından da ağır nəticələrə səbəb ola biləcək bir hadisə başlayır. Artıq proses start götürüb. ABŞ-da bütün təyyarə reyslərinin dayandırılması, bank sisteminin fəaliyyətində yaranan problemlər, “Maykrosoft” sisteminin çökməsi və gəmiçiliklə bağlı müəyyən hadisələr ciddi narahatlıq doğurur. Hazırda hər kəs olduğu yerdən öz ölkəsinə qayıtmağa çalışır”, – S.Xudaverdiyev vurğulayıb.
Qeyd edək ki, ABŞ-da təyyarə reyslərinin müvəqqəti dayandırılması sistem xətası ilə bağlı idi və artıq aradan qaldırılıb. “Maykrosoft”da yaranmış problem də artıq arxada qalıb.
Bu baxımdan Sahib Xudaverdiyevin bu informasiyanı əsaslandırma cəhdi məntiqli deyil.