Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27.10.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Naxçıvan, 27 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə alayının müvafiq bölmələrinin iştirakı ilə gecə saatlarında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə alayının qarşılıqlı əlaqədə fəaliyyəti. Zədələnmə ocaqlarında axtarış-xilasetmə, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması” mövzusunda gecə məşğələsi keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məşğələnin keçirilməsində məqsəd şəxsi heyətin gecə şəraitində fəaliyyətə hazırlıq səviyyəsinin artırılması, bölmələr arasında qarşılıqlı əlaqənin möhkəmləndirilməsi, eləcə də fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi olub.

Məşğələ zamanı şərti fövqəladə hadisə şəraitində axtarış-xilasetmə və qəza-xilasetmə işlərinin aparılması, zərərçəkmişlərin xilas edilməsi, həmçinin digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üzrə tapşırıqlar icra edilib.

Gecə şəraitində keçirilən məşğələ zamanı şəxsi heyətin operativliyi, çevik qərarvermə bacarığı və bölmələrin əlaqəli fəaliyyəti diqqət mərkəzində saxlanılıb.

Uğurla reallaşdırılan məşğələdən sonra əldə edilən nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Müxbir- Nail Əsgərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью