Gecə yemək istəyinin qarşısını necə almaq olar?

03.11.2026

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Ölkə.az xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq, dietoloq və nutrisioloq Anna Plotnikova “Lenta.ru”ya müsahibəsində danışıb. O, gecə yemək vərdişindən uzaq durmaq üçün gün ərzində normal qidalanmağın vacibliyini vurğulayıb.

Həkimin sözlərinə görə, insan orqanizmi gün işığına uyğun fəaliyyət göstərir. Səhər, təxminən saat 07:00-09:00 arasında, daha dəqiq desək, oyandıqdan sonrakı ilk saat ərzində kortizol hormonunun səviyyəsi yüksəlir. Bu hormon insanın oyanmasına və günə hazırlaşmasına kömək edir.

Səhər saatlarında testosteronun səviyyəsi də artır. Bu hormon hüceyrələrin insulinə həssaslığını yaxşılaşdırır və maddələr mübadiləsini sürətləndirir. Məhz səhər saatlarında insulinə həssaslıq maksimum səviyyədə olur. Buna görə də qida daha yaxşı mənimsənilir və enerji, əzələ qurulması, eləcə də hormonların yaranması üçün istifadə olunur.

Endokrinoloq qeyd edib ki, səhərlər bəzən şirniyyat və ya insanın adətən özünə qadağan etdiyi qidaları da qəbul etmək olar. Çünki bu qidalar orqanizm üçün faydalı ola bilər.

Həkim bildirib ki, günün ikinci yarısında kortizolun səviyyəsi tədricən sabitləşir, saat 18:00-19:00-dan sonra isə azalmağa başlayır. Saat 21:00-dan sonra yuxu hormonu olan melatoninin səviyyəsi yüksəlir.

Kortizolun azalması və melatoninin artması maddələr mübadiləsinə təsir göstərir. Axşam və gecə saatlarında orqanizmin çox enerjiyə və böyük miqdarda qida maddələrinin emalına ehtiyacı olmur. Buna görə də maddələr mübadiləsinin sürəti azalır və orqanizm bərpa rejiminə keçir. Axşam saatlarında hüceyrələrin insulinə həssaslığı da təbii şəkildə aşağı düşür. Bu, müəyyən mənada təbii insulin müqaviməti hesab olunur.

“Bu, müəyyən vaxtdan sonra qlükozanın hüceyrələrə daxil olmasının dayandığı və axşam yediyiniz hər şeyin mütləq yağa çevrildiyi anlamına gəlmir. Lakin maddələr mübadiləsində müəyyən yavaşlama baş verir”, – deyə Anna Plotnikova bildirib.

Mütəxəssisin sözlərinə görə, axşam saatlarında mütəmadi olaraq həddindən artıq qidalanmaq, gecə tez-tez yemək və gündüz kifayət qədər qida qəbul etməmək maddələr mübadiləsinin yenidən qurulmasına və yavaşlamasına səbəb olur. Bu isə xüsusilə bel və qarın nahiyəsində artıq yağların toplanmasına, visseral piylənmənin yaranmasına gətirib çıxarır.

A.Plotnikova qeyd edib ki, orqanizmdə qidaların emalı hormonların sutkalıq ritmindən asılıdır. Buna görə də xronoqidalanma prinsiplərinə, yəni hormonların ritminə uyğun qidalanmaya əməl etmək lazımdır.

Onun sözlərinə görə, səhərlər kifayət qədər zülal və mütləq yağ qəbul edilməlidir. Çünki yağlar kortizol və testosteron hormonlarının yaranması üçün əsas materialdır. Enerjili olmaq, axşam saatlarında halsızlıq və güclü yorğunluq yaşamamaq üçün mürəkkəb karbohidratlar və az miqdarda şirniyyat da qəbul etmək olar.

Həkim əlavə edib ki, gün ərzində qida qəbulları kifayət qədər doyumlu və balanslaşdırılmış olmalıdır. Axşam isə zülal və liflə zəngin yüngül qidalara üstünlük vermək məsləhətdir.

Onun sözlərinə görə, belə şam yeməyi orqanizmi enerji ilə təmin edir, lakin nə mədə-bağırsaq sistemini, nə də hüceyrələrin enerji stansiyaları hesab olunan mitoxondriləri yükləyir. Eyni zamanda, axşam saatlarında maddələr mübadiləsinin yavaşlaması fonunda yağların toplanmasına da səbəb olmur.

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью