Icma.az, Ses qazeti saytına istinadən bildirir.
Yuxuya getməkdə və gecə ərzində yuxunu bütöv davam etdirməkdə çətinlik çəkən insanlar bəzən melatonin və ya maqnezium əlavələrinə müraciət edirlər. Lakin mütəxəssislər bildirirlər ki, bu iki maddənin orqanizmdə təsir mexanizmi fərqlidir və hər kəs üçün eyni nəticəni verməyə bilər.
“Medical News Today”in yazdığına görə, melatonin orqanizmin bioloji saatını tənzimləyən hormondur. Buna görə də xüsusilə yuxu rejiminin pozulması, saat qurşağının dəyişməsi və gecikmiş yuxu rejimi kimi hallarda daha uyğun ola bilər.
Maqnezium isə sinir və əzələ funksiyalarında mühüm rol oynayan mineraldır. Mütəxəssislər onun xüsusilə qidalanmasında maqnezium çatışmazlığı olan insanlarda rahatlama və yuxuya müəyyən dəstək verə biləcəyini bildirirlər.
Araşdırmaların nəticələri isə maqneziumla bağlı tam yekdil deyil. Bəzi klinik tədqiqatlarda müəyyən maqnezium formalarının yuxu keyfiyyətində kiçik yaxşılaşmalar yaratdığı müşahidə edilsə də, ümumi elmi sübutlar hələ kifayət qədər güclü hesab olunmur.
Mütəxəssislərin fikrincə, yuxu probleminin səbəbi də nəzərə alınmalıdır. Məsələn, problem bioloji saatın pozulması ilə əlaqəlidirsə, melatonin daha uyğun ola bilər. Maqnezium çatışmazlığı olan insanlarda isə maqneziumun rolu daha əhəmiyyətli ola bilər.
Bununla yanaşı, hər iki əlavənin yan təsirləri mümkündür. Melatonin bəzi insanlarda ertəsi gün yuxululuq, baş ağrısı və başgicəllənmə yarada bilər. Maqnezium isə həzm sistemi ilə bağlı narahatlıqlara səbəb ola bilər və böyrək problemi olan şəxslər üçün xüsusilə ehtiyat tələb edir.
Mütəxəssislər vurğulayırlar ki, əlavələr yaxşı yuxu vərdişlərini əvəz etmir. Yuxu və oyanma saatlarının sabit saxlanması, səhərlər gün işığı almaq, müntəzəm fiziki aktivlik, axşam saatlarında kofeini məhdudlaşdırmaq və yatmazdan əvvəl sakitləşdirici rejim yaratmaq yuxu keyfiyyətinə daha geniş təsir göstərə bilər.
Məlumat üçün qeyd edək ki, keyfiyyətsiz yuxu sistemi həm beyinə, həm də ürək-damar və maddələr mübadiləsi sisteminə təsir edə bilər. Böyüklər üçün ümumiyyətlə gecə ən azı 7 saat yuxu tövsiyə olunur. Əgər yuxusuzluq sizdə vərdiş halını alıbsa, diqqət və yaddaş zəifləyə bilər – düşünmək, öyrənmək və qərar vermək çətinləşə bilər, əhvalınız tez-tez dəyişə bilər, əsəbilik, stress, narahatlıq və depressiv əlamətlər bəzi hallarda yuxusuzluq ilə əlaqələndirilir. Yaxşı yatmırsınızsa baş ağrısı yarana və ya arta bilər, həmçinin immunitet və orqanizmin infeksiyalara qarşı müdafiəsi zəifləyə bilər.
Qan təzyiqi də bəzi hallarda yuxusuzluq səbəbi ilə yüksələ bilər. Yuxu zamanı təzyiq normal olaraq azalır; yuxu problemlərində isə daha uzun müddət yüksək qala bilər. Ürək-damar xəstəlikləri və insult riski də bəzən yuxusuzluq ilə əlaqəlidir. Tip 2 diabet və çəki artımı riski olan insanlar üçün yuxu rejimi vacibdir. Gecələr yata bilməyəndə gündüz mürgüləməsi və reaksiyanın ləngiməsi yarana bilər ki, bu da qəza və xətaların riskini artırır.
Lalə Mehralı