Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda magistral yollara işıqqaytarıcı boyaların vurulması təklif olunur. Məqsəd xüsusilə gecə saatlarında və görmə məsafəsinin məhdudlaşdığı şəraitdə yol nişanlama xətlərinin daha aydın görünməsini təmin etmək, hərəkətin təhlükəsizliyini artırmaqdır.
"Bakupost" xəbər verir ki, təkliflə Milli Məclisin deputatı Müşfiq Cəfərov çıxış edib. Deputat bildirib ki, ölkədaxili bəzi yollarda, xüsusilə gecə saatlarında nişanlama xətlərinin görünməməsi sürücülər üçün təhlükə yaradır. Onun sözlərinə görə, sürücülər də bu problemin həllini vacib hesab edirlər.
Bəs işıqqaytarıcı boyaların tətbiqi yol hərəkətinin təhlükəsizliyinə necə təsir göstərə bilər? Bu yenilik qəzaların azalmasına kömək edəcəkmi?
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev BakuPost-a açıqlamasında təklifi dəstəklədiyini bildirib. Lakin ekspertin fikrincə, əsas məsələ yalnız yeni boyaların tətbiqi deyil, həm də texnoloji standartlara düzgün əməl olunmasıdır.
“İşıqqaytarıcı effekt yaratmaq üçün ikikomponentli boyanın üzərinə xüsusi şüşə mikrohissəcikləri səpilir. Bu zaman avtomobil faralarının işığı əks olunur və yol xətləri gecə daha aydın görünür. Lakin proses zamanı hava şəraiti, temperatur və texnoloji ardıcıllıq mütləq nəzərə alınmalıdır. İşlər düzgün aparılarsa, nəticə də daha effektiv olar”.
Ekspert vurğulayıb ki, işıqqaytarıcı elementlərin tətbiqi yalnız yolun üzərindəki üfüqi nişanlama xətləri ilə məhdudlaşmamalıdır. Bu texnologiyadan şaquli nişanlamalarda da istifadə olunmalıdır.
Rauf Ağamirzəyevin sözlərinə görə, Azərbaycanda yol infrastrukturunun qurulması ilə yanaşı, onun sonrakı istismarına və müntəzəm texniki xidmətinə də ciddi diqqət yetirilməlidir.
“Hansısa qurğunu quraşdırmaq, yolun üzərinə boya çəkmək mümkündür. Amma sonradan onun vəziyyətinə nəzarət etmək, zədələnmiş hissələri vaxtında bərpa etmək də vacibdir. Biz yolları keyfiyyətli tikə bilirik. Son illərdə ağırtonnajlı nəqliyyat vasitələrinə nəzarət məqsədilə elektron tərəzilər də quraşdırılıb. Bununla belə, istismar məsələlərində hələ də boşluqlar var. Bu sahəyə diqqət artırılmalıdır ki, görülən işlər yol hərəkətinin təhlükəsizliyinə real təsir göstərsin”.
Ekspert hesab edir ki, problemin həlli üçün digər mühüm məsələ yolların düzgün işıqlandırılmasıdır.
“Şəhər küçələri və yaşayış məntəqələrində yollar boyunca işıqlandırma təmin olunmalıdır. Burada qənaətdən söhbət gedə bilməz. Çünki gecə saatlarında görmə imkanları məhdudlaşır və işıqlandırma bu problemi müəyyən qədər kompensasiya edir. Magistral yollarda isə xüsusilə körpülər, yol ötürücüləri və digər mühəndis qurğularının yerləşdiyi hissələrin işıqlandırılması vacibdir”.
Rauf Ağamirzəyev bildirib ki, texnoloji standartlara əməl olunması, mövcud infrastrukturun düzgün saxlanılması və işıqlandırmanın yaxşılaşdırılması kompleks şəkildə həyata keçirilməlidir.
“Əlimizdəki imkanlardan maksimum səmərəli istifadə etməliyik. Bütün bu tədbirlər birlikdə həyata keçirilsə, nəticədə həm sürücülər, həm cəmiyyət, həm də dövlət qazanacaq”.
Rüfət Sultan,
BakuPost