Gədəbəy rayonunda tədbir keçirildi FOTO

21.10.2026

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

20.10.2026-cı il tarixdə Gədəbəy rayonunda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən müşavirədə RİH başçısı Hacıbaba Babayev, Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının sədri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ziyalıları və ağsaqqalları, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Müşavirə iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xalqımızın xilaskarının əziz xatirəsinə böyük ehtiramlarını bildiriblər.

Tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı, suverenliyi naminə şəhid olmuş Vətən övladlarının xatirələri bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən H.Babayev cənab Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqinin yeni dövrün tələblərinə cavab verən strateji yol xəritəsi olduğunu bildirib. Rayon rəhbəri qeyd edib ki, ərazi bütövlüyümüzün tam bərpasından sonra dövlət başçısı tərəfindən müəyyənləşdirilən prioritetlər ideoloji təhlükəsizliyimizin gücləndirilməsinə, sosial rifahın artırılmasına və dayanıqlı inkişafa hədəflənib. Ulu Öndər Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” kəlamını xatırladan H.Babayev vurğulayıb ki, bu ideyalara sadiqliyin ən bariz nümunəsi Müzəffər Liderimizin ətrafında daha sıx birləşməkdir.

Tədbirdə şəhid ailələri adından çıxış edən şəhid Şöhrət Qasımovun atası Şakir Qasımov Zəfərimizdən sonra təşkil olunan YAP-ın VIII Qurultayının mühüm tarixi hadisə olduğunu qeyd edib. Ş.Qasımov diqqətə çatdırıb ki, şəhid ailələrinə və qazilərə göstərilən xüsusi diqqət və qayğı dövlətimizin öz vətəndaşına verdiyi ali dəyərin aydın təzahürüdür.

Müşavirədə çıxış edən Yeni Azərbaycan Partiyasının Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, Gədəbəy şəhəri İslam Əliyev adına 3 nömrəli fizika, riyaziyyat və informatika təmayüllü lisey publik hüquqi şəxsin direktoru Pərvanə Zeynalzadə, Gədəbəy rayonu Zəhmətkənd kənd tam orta ümumtəhsil məktəbinin tərbiyə işləri üzrə təşkilatçısı Murad Bayramov qurultayın əhəmiyyətindən, ölkənin inkişaf strategiyasından və müəyyənləşdirilmiş prioritet istiqamətlərdən bəhs ediblər. Çıxışlarda ideoloji təhlükəsizliyin müasir dövrün əsas çağırışlarından biri olduğu qeyd edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью