Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Gədəbəydə Azərbaycan Qastroenteroloq və Hepatoloqlar İctimai Birliyi və “Medpro marketing” MMC-nin təşkilatçılığı ilə “Mədə-bağırsaq və qaraciyər xəstəliklərinə müasir yanaşma” mövzusunda elmi-praktik konfrans keçirilib.
“Medpro Marketing” MMC-nin direktoru Hidayət Heydərov bildirib ki, elmi müzakirənin məqsədi mədə-bağırsaq və qaraciyər xəstəliklərinin profilaktikası, erkən diaqnostikası və müasir müalicə üsulları ilə bağlı elmi biliklərin paylaşılması, həkimlərin peşəkar bacarıqlarının təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsinin təşviq edilməsidir.
“Sağlamlığın qorunması” İctimai Birliyinin sədri, tibb elmləri doktoru Yazgül Abdıyeva “Hepatoloji problemlərə müasir baxış” mövzusunda, Azərbaycan Qastroenteroloq və Hepatoloqları İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Gülnarə Ağayeva “Şəkərli diabet və qaraciyər xəstəlikləri”, tibb elmləri doktoru Aynur Səfiyeva isə “Anal çatlarda müasir yanaşma – rəhbərlik nə deyir?” mövzusunda məruzələrlə çıxış ediblər.
Konfrans “Hepatit C və onun laborator diaqnostikası”, “Xroniki pankreatit: diaqnostika və müalicə”, “Alkoqol mənşəli hepatit: diaqnostika və müalicə”,
“Hepatit D: diaqnostika və müalicə”, “Uşaqlarda qaraciyər xəstəliklərinin diaqnostikası və müalicəsi” kimi mövzularda çıxışlarla davam edib, geniş müzakirə aparılıb, sualları cavablandırılıb.
Zərifə BƏŞİRQIZI
XQ