Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gədəbəydə vətəndaşların müraciətlərinin birbaşa dinlənilməsi və qaldırılan məsələlərin yerindəcə aidiyyəti qurumlarla müzakirə olunması istiqamətində növbəti qəbul keçirilib.
Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə sakinləri qəbul edib. Qəbul zamanı vətəndaşlar onları narahat edən müxtəlif məsələləri səsləndiriblər.
Dağlıq relyefi, bir-birindən xeyli məsafədə yerləşən kəndləri olan Gədəbəydə gündəlik qayğıların da özünəməxsus tərəfləri var. Kənd yollarının vəziyyəti, içməli və suvarma suyu, elektrik təsərrüfatı, məşğulluq, sosial məsələlər, torpaqla bağlı müraciətlər, eləcə də ayrı-ayrı yaşayış məntəqələrində infrastrukturun yaxşılaşdırılması sakinlərin ən çox toxunduqları mövzular sırasında olur.
Qəbulda səsləndirilən müraciətlərin bir qisminə elə yerindəcə aydınlıq gətirilib. Əlavə araşdırma tələb edən məsələlər isə aidiyyəti qurumların rəhbərlərinə yönləndirilib və onların qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması ilə bağlı tapşırıqlar verilib.
Belə qəbulların əsas üstünlüyü ondadır ki, vətəndaş öz problemini bir neçə idarənin qapısında ayrı-ayrılıqda danışmaq məcburiyyətində qalmır. Məsul şəxslər eyni masa arxasında olur, müraciət dinlənilir, hansı qurumun nə etməli olduğu elə yerində müəyyənləşdirilir.
Gədəbəy kimi geniş əraziyə və çoxsaylı kəndlərə malik rayonda insanların gündəlik problemlərinin vaxtında öyrənilməsi xüsusilə vacibdir. Ona görə də vətəndaş qəbullarının nəticəsi təkcə verilən cavablarla deyil, həmin müraciətlərin sonradan necə həll olunması ilə ölçülür.
Hamlet Qasımov,
XQ-nin Gəncəbasar müxbiri