“Gedəcəyəm” dedi və geri dönmədi Vüqar Ağayevin son döyüşü

27.09.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayanda Polad Həşimovun kurs yoldaşı, polkovnik-leytenant Vüqar Ağayev artıq dörd il idi hərbi xidmətdən təqaüdə çıxmışdı. Ömrünün 25 ilini orduya vermişdi. Yenidən cəbhəyə getmək üçün müraciət edəndə ona hərbi borcunu yerinə yetirdiyini dedilər. Qərarını dəyişmədi: “Gedəcəyəm”.

Modern.az-ın şəhidlərimizə həsr etdiyi silsilənin bu yazısı Birinci Qarabağ müharibəsindən Vətən müharibəsinə uzanan ömür yolu keçmiş Vüqar Ağayev haqqındadır. Anası Xanım Ağayeva oğlunun həyatından və son dəfə cəbhəyə yollanmasından danışıb.

Anasının sözlərinə görə, Vüqar Ağayevin hərb yolu Birinci Qarabağ müharibəsində başlayıb. O, Milli Qəhrəman Əliyar Əliyevin batalyonunda top komandiri kimi döyüşüb. Hərbi Akademiyanı bitirdikdən sonra isə Polad Həşimovla birlikdə Türkiyədə hərbi kurslarda təhsil alıb.

Vüqar ömrünün 25 ilini hərbi xidmətə verib. Bu illər ərzində Naxçıvanın müxtəlif bölgələrində xidmət edib, sonra təqaüdə çıxıb. Ailəsi üçün onun hərbi xidməti başa çatmışdı. Amma dörd il sonra Vətən müharibəsi başlayanda Vüqar yenidən cəbhəyə getmək qərarına gəlib.

Bunun üçün raport yazaraq Qubadlı Hərbi Komissarlığına müraciət edib. Ona artıq hərbi borcunu yerinə yetirdiyi deyilsə də, fikrindən dönməyib: “Gedəcəyəm”.

Döyüşə yollanmazdan əvvəl ailəsi ilə görüşüb. “Vətən məni çağırır” sözləri onun bu görüşdə dediyi son sözlərdən olub. Xanım Ağayeva oğlunun cəbhəyə gedişini indi həmin sözlərlə xatırlayır.

Vüqar Ağayev oktyabrın 19-dan Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. Batalyon komandiri kimi döyüşə rəhbərlik edən polkovnik-leytenant noyabrın 1-də snayper atəşi nəticəsində şəhid olub.

Noyabrın 2-də Bakıda, Yasamal qəbiristanlığındakı Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Nicat Rüstəm

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью