Icma.az, Bakupost portalına istinadən məlumat verir.
Elçin Zahiroğlu
İnsanın öz adını yad bir səthdə qoymaq həvəsi məni çoxdan düşündürür.
Bir dəfə ictimai tualetlərdən birində divara, qapıya nə ilə gəldi yazılmış adların, etirafların arasında qəribə bir cümlə oxudum: “Ata, Allah sənə rəhmət eləsin! Çoox tez getdin”.
Yazanın kədərinə, atasına sevgisinə şübhəm yoxdur. Amma adam istər-istəməz düşünür: insan ən əziz, ən məhrəm hissini niyə tualetin divarına yazmaq istəyir? Bu ehtiyac haradan gəlir?
Əslində bu, bizdə az qala kütləvi vərdişə çevrilib. Skamyaya oturursan–ad; ağaca baxırsan–ad; liftin divarında, yol qırağındakı daşda, tarixi abidədə, dağın başında–yenə ad.
Sanki bir yerdə olmaq bizə kifayət etmir, oranı mütləq özümüzlə “nişanlamalıyıq”.
Bütün bunlara bəzən zövqsüzlük, bəzən tərbiyəsizlik, bəzən də gülüb keçiləsi vərdiş kimi baxmaq olar. Amma bu vərdiş gəlib Şuşanın qayalarına çatanda artıq gülmək olmur.
Bir də belə yazılar çoxaldıqca adamların “əli qaşınır” axı. Təmiz qayanı cızmağa ürəyi gəlməyən şəxs, beş-altı ad görəndə yeddincini də özü yazmaq istəyir. Beləcə, bir adamın cızdığı xətt o birinin əlini açır.
Halbuki daşa, qayaya, ağaca ad yazmağın bizdə həmişə belə bayağı mənası olmayıb…
Əsgərliyə gedən oğlan kəndin qırağındakı ağacda adını, tarixi yazarmış. Uzağa köçən biri meşənin dərinliyindəki daşda özündən balaca bir nişanə qoyarmış. Bəzən gənclər hamının çıxa bilmədiyi sıldırım qayaya qalxıb adlarını cızarmışlar: mən də bura qədər gəlib çatmışam…
İllər sonra geri dönüb o adı tapmağın da ayrı duyğusu var...
Şuşa azad olunandan sonra vaxtilə bu yerlərdə adını yazmış insanların (Onlar içərisində ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan insanlar da var) gedib həmin izi axtarması, tapanda kövrəlməsi barədə xatirələr də eşitmişik. O balaca yazı birdən-birə adamın gəncliyinə, keçmişinə, itirilmiş illərinə açılan qapıya çevrilib…
Deməli, bir zamanlar bəzi yazıların arxasında bir ayrılıq, bir gənclik, bir dönüş – bütöv bir hekayə vardı.
İndi çox vaxt hekayə yoxdu, cızmaq var.
Əlli il əvvəl daşın üzərində “1975. Əli” yazısı bəlkə də bir adamın “mən burada olmuşam” deməsinin yeganə yolu idi. Fotoaparat hər evdə yox idi, sosial şəbəkəni isə heç təsəvvürlərdə də mövcud deyildi.
İndi cibimizdə telefon var. Bir dəqiqənin içində harada olduğumuzu bütün dünyaya göstərə bilirik.
Daşın bundan xəbər tutmasına nə ehtiyac var?
Psixoloji məqam axtarsaq, bəlkə də məsələ görünmək istəyidir. İnsan “mən də buradaydım” deyib özündən nəsə saxlamaq istəyir. Bəzən bu, “mən gedəcəyəm, adım qalsın” arzusudur, bəzən də “mən də varam” deməyin ən sadə, ən primitiv yolu.
Amma insanın özündən qoyduğu hər iz xatirə olmur. Bəzən iz elə ləkədir.
…Bir dostumuz danışır ki, İstanbul Universitetinin ayaqyoluna girəndə divarların başdan-başa yazıldığını görüb. Amma oradakı cümlələr, şüarlar, zarafatlar o qədər ağıllı və yaradıcı imiş ki, adam ayaqyolunda belə auditoriyada olduğunu hiss edirmiş. Tualetdəki yazılar - ali təhsil ocağının intellektual potensialını göstərən bir lövhə misalı.
Yəni yazının da sözü, yeri, zövqü var.
Bizdə isə çox vaxt qarşımıza ad-soyad, iki baş hərf, ürək şəkli, bəzən də son dərəcə şəxsi, hətta intim cümlələr çıxır.
Bunlar məkana heç nə qatmır. Sadəcə onu öz səviyyəsinə endirir.
İşğaldan azad edilmiş ərazilərdə bu daha “gözə girir”. İnsafən, yeni şəhərlərdə küçədən parka, işıqlandırmadan kiçik sənət nümunələrinə qədər hər detal zərgər dəqiqliyi ilə düşünülür. Belə bir yerə gəlib qayaya iri hərflərlə ad yazanda sən ora heç nə əlavə etmirsən.
Hazır mənzərənin üstünə öz yamağını vurursan.
…Şuşada isə məsələ yalnız zövq məsələsi də deyil.
Bu qayalar şəhərin azad olunmasının canlı coğrafiyasıdır. Azərbaycan əsgəri o sıldırımlardan əli ilə yapışıb qalxıb. Orada döyüşüb, yaralanıb, şəhid olub.
Ona görə Şuşanın qayalarına baxan adam sadəcə daş görmür.
Döyüşün siluetini görür, əsgərin ayaq izini. Bəlkə öz oğlunun, qardaşının, dostunun son nişanəsini…
İnsan qəhrəmanların izini axtardığı daşın üstündə niyə sənin, mənim, başqa kimsənin adını oxumalıdır, ay qardaş?
Bəlkə bir gün həmin qayalara rəsmi tarixi status veriləcək. Amma bəzi yerləri dövlət qərarından əvvəl insanların yaddaşı qorumağa başlayır.
Şuşanın qayaları çoxdan belə yerlərdəndir.
…İşğaldan sonra ermənilərin təbiətimizə, tarixi və mədəni irsimizə vurduğu ziyanı dünyaya göstərdik. Haqlı idik.
İndi özümüzdən də bircə şey tələb etməliyik: bizim olanı biz də qoruyaq.
Bunları miqyas və mahiyyətcə eyniləşdirmək olmaz, amma başqasına “mənim tariximə toxunma” deyiriksə, öz əlimizi də saxlamalıyıq.
Şuşanın qayası sahibsiz daş deyil.
Əlbəttə, bu işi yalnız qadağa ilə həll etmək mümkün deyil. Hər qayanın yanında polis dayanmayacaq, hər daşın başına kamera qoyulmayacaq.
Bəlkə, insanın iz qoymaq istəyinə başqa ünvan vermək lazımdır.
Şuşanın ziyarət edilən yerlərində xatirə kitabları, xüsusi yazı lövhələri qoyulsun. Kim ürəyindən keçəni yazmaq istəyirsə, yazsın. Adını da, tarixini də, Şuşada nə hiss etdiyini də…
Hətta belə bir çağırış da etmək olar:
“Şuşaya sözünü yaz, qayasına yox”.
Çünki Şuşanın qayası boş səhifə deyil.
Orada tarix öz sözünü çoxdan yazıb, daşların lap dərininə.