Gəldilər, gördülər, getdilər

12.06.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasında mövsümü sonuncu – 12-ci sırada bitirən “Karvan-Yevlax” legionerlərini yola salır. Klub müddəti başa çatan əcnəbilərlə vidalaşmaqdadır.

Ötən mövsüm elitaya vəsiqə qazanan Yevlax təmsilçisi limitin ləğv olunmasıyla üstünlüyü legionerlərə verdi. Axtarış portallarında adlarını tapmaqda çətinlik çəkdiyimiz əcnəbiləri heyətə cəlb edərək, liqada qalmağa ümid edən “Karvan-Yevlax” gözlədiyini ala bilmədi. Mövsümün son turlarında yerlilərə şans verməklə xallar qazanan bölgə klubu keyfiyyətsiz legionerlərlə iş görə bilmədiyini aşkar etdi.

Nümunə “Karvan-Yevlax”dır. Ancaq demək olar, hər mövsüm bir neçə klub bu siyasətlə mübarizə aparmağa çalışır. Yerliyə şans verməkdənsə, əcnəbini üstün tutan və daha yüksək ödəniş etdiyi üçün onu oynatmalı olduğunu düşünən komandalar azərbaycanlı futbolçuların da yolunu bağlamış olur.

Başa çatan mövsümdə “Şamaxı”ya transfer edilən Fransisko Rodriqes ümumilikdə cəmi bir neçə dəqiqə şans qazandı və il bitən kimi yola salındı. “Qəbələ”yə icarəyə gələn Sambu Sissoko da ümidləri doğrultmadı.

Daha əvvəlki mövsümlərdə də neçə belə nümunələr var.

Liqaya vəsiqə qazanan “Şəfa” da strategiyasını dəyişib, legioner transferi edəcəklərini bildirib. Hələlik yerli “bazar”dan güclənən bakılılar əvvəlki nümunələri nəzərdən keçirməlidir. Keyfiyyətsiz legionerlərin gəlişi komandada rəqabəti artırmır, əksinə potensialı olanları “öldürür”. “Şəfa” ötən mövsümün debütantı “Karvan-Yevlax”ın səhvlərini təkrarlamamlıdır, əks halda komandaların aqibəti də eyni olacaq.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью