Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Azərbaycan XX əsrin 90-cı illərində tarixində ikinci dəfəf müstəqilliyini əldə etdikdən sonra bütün yaxın və uzaq ölkələrlə yanaşı, türk dünyası ilə də əlaqələrin inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Beləliklə, Azərbaycanın türk dövlətləri ilə siyasi, iqtisadi, humanitar, mədəni əlaqələri geniş vüsət aldı. Hətta əksər istiqamətlərdə Azərbaycan Türk dünyasında lokomotiv rolu oynayaraq birlik və həmrəyliyə xidmət edən təşəbbüslərin müəllifi, ideyavericisi, eyni zamanda təşkilatçısı oldu. Təkcə bu gün deyil, uzaq tarixdə də Azərbaycan qeyd edilən müsbət fəaliyyətləri ilə seçilib. Necə ki, 100 il əvvəl Bakıda Birinci Türkoloji Qurultayın keçirildiyi kimi”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı Bakıda Türk Dünyası Həftəsinin keçirilməsini şərh edərkən səsləndirib. Millət vəkili qeyd edib ki, Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı Türk Dünyası Həftəsinin təşkil olunmasına yalnız tarixi hadisənin, yubiley tədbirinin keçirilməsi prizmiasından yanaşmaq doğru olmazdı. İlham Məmmədov hesab edir ki, bu eyni zamanda Türk Dünyasının mədəni-humanitar istiqamətlərdə gələcəəy yönəlmiş fəaliyyətlərinin həm təqdimatı, həm də qeyd edilən istiqamətlərdə müəyyən edilən yol xəritəsidir:
“Türkoloji Qurultayın 100 illik yubileyi ilə bağlı təşkil edilən silsilə tədbirlər türk xalqlarının ortaq elmi irsinin qorunması, yeni tədqiqatların aparılması, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsi və ortaq inkişaf modelinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır. Müasir dövrün çağırışları olan rəqəmsallaşma, süni intellekt, informasiya təhlükəsizliyi, elm və innovasiya sahəsində rəqabət türk dövlətlərinin daha sıx əməkdaşlığını zəruri edir. Bu baxımdan yüz il əvvəl Bakıda səslənən ideyalar bu gün də öz əhəmiyyətini itirməyib, öz aktuallığını qoruyub saxlayır. Bütün bunları həyata keçirmək, reallaşdırmaq üçünsə mütləq mənada fəaliyyətimizi daha da artırmalı, əlimizdən gələni əsirgəməməliyik. Təsadüfi deyil ki, Cənab Prezident İlham Əliyev də tədbir iştirakçılarına ünvanlandığı müraciətdə bunu xüsusi vurğulayaraq dedi ki, “Türk dünyası ailəsi böyük bir sivilizasiya yaratmış əcdadlarımızın şəninə yaraşan tərzdə əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundadır. Biz bu ailənin möhkəmliyi və sarsılmazlığı naminə var qüvvəmizi bundan sonra da əsirgəməyəcəyik”.
Süleyman