Gələn ay bu məhsullar BAHALAŞACAQ

29.09.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Payız mövsümünün başlaması daxili ərzaq və kənd təsərrüfatı bazarında qiymət dinamikasına təsirsiz ötüşmür. Mövsümi amillər, xammal xərclərinin dəyişməsi və daxili təklif həcmi gələn ay bəzi məhsulların maya dəyərinə birbaşa təsir göstərir.

Bəs payızın gəlişi ərzaq bazarında qiymətlərə necə təsir edəcək və gələn ay hansı məhsullarda bahalaşma riski daha yüksəkdir?

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, mövsümün dəyişməsi ilə bütün məhsullar üzrə eyni vaxtda qiymət artımı gözləmək düzgün deyil. İqtisadçının sözlərinə görə, gələn ay üçün ən yüksək bahalaşma riski mövsümi tərəvəzlər və mal ətindədir:

"Pomidor, xiyar, bibər və badımcanın açıq sahə məhsulu bazardan çəkildikcə istixana məhsullarının payı artır və bu da maya dəyərini yüksəldir. İkinci əsas risk qrupu isə mal əti və müəyyən qədər qoyun ətidir. Mal ətində artıq bahalaşma başlayıb: sümüklü ətin 19, sümüksüz ətin isə 25 manata qədər yüksəldiyi müşahidə olunur. Fermerlər bunu ot və yem xərclərinin artması, heyvan sayının azalması və rentabelliyin düşməsi ilə əlaqələndirirlər".

Akif Nəsirli: Mal ətində artıq bahalaşma başlayıb

A.Nəsirli quşçuluq və digər gündəlik tələbat mallarındakı vəziyyətə də toxunub:

"Toyuq ətində də risk var, lakin quşçuluqda istehsal dövrü maldarlıqdan qısa olduğu üçün təklifi sürətlə artırmaq mümkündür. Bütövlükdə taxıl və yem məhsullarının qiyməti mühüm risk faktorudur. Yem bahalaşdıqca bunun təsiri mərhələli şəkildə süd, yumurta və quş ətinə də keçir. Kartof və soğan kimi məhsullarda isə yaxın ayda kəskin bahalaşma üçün əsaslı siqnal yoxdur (hazırda qiymətlər 1 manat ətrafındadır)".

"Ümumilikdə gələn ay qiymət dinamikasını məhsul bolluğu, istixana xərcləri, yem qiymətləri və logistika müəyyən edəcək", - deyə Akif Nəsirli vurğulayıb.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью