Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yunanıstandan Ukraynaya qədər uzanan “Şaquli Qaz Dəhlizi” layihəsində iştirak edən ölkələrin enerji nazirlərinin mühüm görüşü fevral ayının sonunda Vaşinqtonda keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Yunanıstanın ətraf mühit və energetika naziri Stavros Papastavrou və ABŞ Energetika Nazirliyinin rəsmisi Coşua Volts “Afina Enerji Sammiti”ndə məlumat veriblər.
Nazirlər səviyyəsində keçiriləcək görüşün əsas məqsədi layihəni siyasi bəyanatlar mərhələsindən konkret kommersiya öhdəlikləri mərhələsinə keçirmək və iştirakçı dövlətlər arasında lazımi koordinasiyanı təmin etməkdir.
Xatırladaq ki, “Şaquli Dəhliz” layihəsi Şərqi Aralıq dənizindəki terminallardan Moldova və Ukraynaya qədər uzanan strateji marşrutdur. Bu sistem Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova, Slovakiya, Macarıstan və Ukraynanın yeraltı qaz anbarlarını birləşdirəcək.
Onu da bildirək ki, tədarüklər üçün əsas resurs bazası olaraq Cənub Qaz Dəhlizi (TAP) vasitəsilə nəql olunan Azərbaycan qazı və Yunanıstanın Aleksandrupolis terminalına daxil olacaq mayeləşdirilmiş qaz (LNG) çıxış edəcək.