Gələn həftə Qətərdə görüşəcəklər Kalın açıqladı

09.11.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“ABŞ-nin vitse-prezidenti Cey Di Vens və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai gələn həftə Qətərin paytaxtı Dohada görüşəcəklər”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Middle East Eye” nəşrinə açıqlamasında Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın deyib.

Ankarada keçirilən konfransda çıxış edən Kalın Qətərin təşkilatçılığı ilə planlaşdırılan görüşü ABŞ-İran danışıqlarında irəliləyiş əldə etmək üçün mühüm fürsət adlandırıb:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən şənbə Donald Trampla telefon danışığında İrana yeni hərbi zərbələr endirilməməsinə çağırıb. Türkiyə və digər regional vasitəçilər yeddi bənddən ibarət razılaşma üzərində işləyirlər. Təklifə əsasən, İrana qarşı sanksiyalar yumşaldılacaq və dondurulmuş vəsaitlərə çıxış imkanı yaradılacaq. Bunun müqabilində Tehran nüvə silahı əldə etməmək öhdəliyi götürəcək, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (IAEA) ilə əməkdaşlığa başlayacaq və Hörmüz boğazını açacaq. Hazırda əsas məsələ ilk addımı kimin atacağıdır. Yaxın günlərdə razılıq əldə olunsa, hərbi zərbə olmayacaq”.

O, razılaşma əldə edilməyəcəyi təqdirdə ABŞ-nin yaxın günlərdə İrana yenidən hücum edə biləcəyi barədə xəbərdarlıq edib.

Bununla yanaşı, nəşrə danışan İran mənbəsi razılaşma ehtimalını aşağı qiymətləndirib və yeni hücumlar olacağı halda ABŞ-nin hərbi bazalarına sərt cavab veriləcəyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью