Icma.az bildirir, Bakivaxti portalına istinadən.
2027-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) real ifadədə 2,7 faiz artaraq 140,1 milyard manata çatacağı proqnozlaşdırılır.
Bakıvaxtı.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatı inkişaf edib, əhalinin rifahı yüksəlib, dövlətin maliyyə imkanları genişlənib.
Onun sözlərinə görə, qarşıda duran əsas vəzifə əldə edilmiş nailiyyətləri qorumaqla yanaşı, ölkənin inkişafını yeni mərhələyə daşımaq, iqtisadi artımın dayanıqlığını təmin etmək və maliyyə imkanlarından səmərəli istifadə etməkdir.
Sahil Babayev qeyri-neft sektorunun inkişafı, özəl sektorun iqtisadiyyatda rolunun artırılması, əhalinin rifahının yüksəldilməsi, müdafiə və təhlükəsizlik məsələlərinin həlli, eləcə də işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin davam etdirilməsinin dövlət siyasətinin əsas istiqamətləri olduğunu vurğulayıb.
O qeyd edib ki, qlobal miqyasda müşahidə olunan qeyri-müəyyənliklər və xarici bazarlardakı dəyişkənliklər fiskal siyasətdə ehtiyatlı yanaşmanı, büdcə nizamını və dövlət maliyyəsinin dayanıqlığını daha da aktuallaşdırır.
Nazirin sözlərinə görə, 2027-ci ildə ÜDM-in 77,4 faizinin, yaxud 109,1 milyard manatının qeyri-neft sektorunun payına düşəcəyi gözlənilir. Bu göstərici 2026-cı illə müqayisədə nominal ifadədə 9,1 milyard manat, real ifadədə isə 4,4 faiz çoxdur.
Sahil Babayev əlavə edib ki, 2027-ci il üçün illik inflyasiyanın 5,3 faiz olacağı, manatın məzənnəsinin isə 1 ABŞ dolları üçün 1,7 manat səviyyəsində qalacağı proqnozlaşdırılır.
O, həmçinin gələn il üçün “Azeri Light” markalı xam neftin bir barelinin orta satış qiymətinin 65 ABŞ dolları götürüldüyünü bildirib. Qeyd edib ki, beynəlxalq maliyyə bazarlarındakı dalğalanmalar nəzərə alınaraq neft qiymətinin müəyyənləşdirilməsində ehtiyatlı yanaşma əsas götürülüb.
Nazir strateji ehtiyatlara da toxunub. Bildirib ki, cari ilin oktyabrın 1-nə ölkənin məcmu valyuta ehtiyatları 89,4 milyard ABŞ dolları təşkil edib. Bu, xarici dövlət borcundan təxminən 20 dəfə çoxdur.
Sahil Babayev yüksək valyuta ehtiyatlarının makroiqtisadi sabitliyin, milli valyutanın dayanıqlığının və xarici öhdəliklərin mühüm təminatı olduğunu diqqətə çatdırıb.
Zeynəb Rzayeva